ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Boston şəhərində yaşayan soydaşlarımızla görüşü keçirilib. Tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Bostondakı diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz iştirak ediblər.
Tədbir Dövlət Komitəsinin son dönəmdəki fəaliyyətini əks etdirən videoçarxın və Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxının göstərilməsilə başlayıb.
Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Fonda hansı layihələrlə müraciət edilməsinin mümkünlüyü barədə ətraflı məlumat verilib.
Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlanması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər.
Komitə rəhbərliyi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və Amerika cəmiyyətinə çatdırılmasında soydaşlarımızın rolundan danışaraq, bu istiqamətdəki fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.