Ukraynanın Milli Elmlər Akademiyasının (UMEA) Tarix İnstitutunda tarixçi- püblisist, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayevlə görüş keçirilib. Görüşü ictimai xadim Marina Qonçaruk və Tarix İnstitutunun böyük elmi işçisi, professor İrina Mityaş təşkil edib. Tədbirdə UMEA-nın, Boris Qrinçenko adına Kiyev Universitetinin, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, ictimaiyyət və elm xadimləri iştirak ediblər.
Tarix İnstitutunun direktoru Valeri Smoli bildirib ki, azərbaycanlı alimlərlə münasibətləri inkişaf etdirmək UMEA üçün olduqca vacibdir. O, qeyd edib ki, azərbaycanlı həmkarı iki ölkə münasibətləri tarixini siyasi-coğrafi baxımdan dəyərləndirib.
T.Atayev çıxışı zamanı Ukrayna-Azərbaycan münasibətlərindən danışmaqla yanaşı, bu ölkədə Ukrayna dilində nəşr olunmuş “Rusiya, Ukrayna, Belarus və Baltikyanı ölkələrin ərazilərinin geosiyasi mübarizəsi tarixindən”, “Rusiyanın Qafqaz kolliziyaları”, “Ukraynada İslam” və “Balkan ədəbiyyatlarında qarşılıqlı anlaşma körpüləri” adlı kitabları barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.
Avropa Elmlər, İncəsənət və Ədəbiyyat Akademiyasının beynəlxalq katibi Dmitri Çistyak, Tarix İnstitutunun beynəlxalq münasibətlər və xarici siyasət tarixi şöbəsinin müdiri Stepan Bidnyanski, hüquq elmləri doktoru, professor Arif Quliyev, Taras Şevçenko adına Kiyev Milli Universitetinin türkologiya kafedrasının dosenti Zəminə Əliyeva, dosent Oleq Kupçik, professor Seyfulla Rəşidov və digərləri çıxış edərək, iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətlərinin və Ukrayna-Azərbaycan münasibətlərinin tədqiq olunmasının vacibliyi barədə fikirlərini söyləyiblər.
Həmin gün Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində soydaşlarımızla da görüş keçirilib.
Tədbirdə UAR-ın həmsədri Rövşən Tağıyev, Ukrayna Mədəniyyət Nazirliyinin nümayəndəsi Vladimir Xodokivski, tarix elmləri namizədi Səid Qədməliyev, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, professor Arif Quliyev, Birləşmiş Ukrayna Diasporları Konqresinin sədr müavini Rəşad Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini Xəyyam Həqiqətoğlu, “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli və başqaları iştirak ediblər.
Görüş iştirakçıları T.Atayevin müəllifi olduğu kitabların Ukrayna-Azərbaycan xalqları üçün əhəmiyyətindən, iki ölkə münasibətlərinin tarixindən və müasir mərhələdəki vəziyyətindən, eləcə də əməkdaşlıq imkanlarından danışıblar. Natiqlər birmənalı şəkildə qeyd ediblər ki, iki ölkə arasında geniş əməkdaşlıq perspektivləri mövcuddur.