İspaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Valensiya Azərbaycanlıları Cəmiyyəti (VAC) ilə İspaniya Azərbaycanlıları Konqresinin (İAK) birgə toplantısı keçirilib. Valensiya şəhərində keçirilən tədbir VAC-ın təşkilatçılığı ilə baş tutub.
Toplantıda VAC sədri Mübariz İbrahimli, İAK sədri Vahid İmanov, Türkiyənin İspaniyadakı keçmiş konsulu Cəfər Koçtürk, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Diasporun gördüyü işlər, planlaşdırdığı layihələr – İspaniya ilə Azərbaycan arasında mədəniyyət, incəsənət və turizm əlaqələrinin inkişafına dəstək vermək, buradakı türkdilli xalqların nümayəndələrini bir araya gətirmək, Xocalı soyqırımı haqqında yerli cəmiyyəti dolğun şəkildə məlumatlandırmaq, Valensiyada və ölkənin digər bölgələrində Azərbaycan Evlərinin açılması barədə fikir mübadiləsi aparılıb. Toplantıda yekdilliklə belə bir fikir səsləndirilib ki, öz doğma dillərini unutmamaları üçün azərbaycanlı uşaqlar və ispan dilini təkmilləşdirmək üçün bu ölkədə təhsil alan gənclərimiz Azərbaycan Evi kimi mərkəzlərdə ödənişsiz təhsilə cəlb olunmalıdırlar.
Toplantı iştirakçıları sözügedən layihələri gerçəkləşdirmək məqsədilə İspaniya Azərbaycanlıları Birliyinin təsis toplantısının keçirilməsini qərara alıblar.
Sonda İAK ilə VAC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.