1919-cu ildə əsası qoyulan Finlandiya Parlamentinin 100 illik yubiley tədbirləri çərçivəsində ölkənin qanunvericilik orqanında “açıq qapı” günü keçirilib. Tədbirdə yerli sakinlərlə yanaşı, bu ölkədə yaşayan azsaylı xalqlar, o cümlədən Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.
Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri, eləcə də Avropa Azərbaycanlıları Konqresinin (AAK) baş katibi Arzu Oqtay, Finlandiya Azərbaycanlıları Gənclər Birliyinin sədri Nəzrin Məcidli, Birliyin sədr müavini Alya Zülfi bir sıra deputatlar və digər nümayəndələrlə görüşlər keçiriblər.
Onlar AAK və Finlandiyadakı azərbaycanlı icması, həmçinin Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə millət vəkillərinə geniş məlumat veriblər. Finlandiyalı millət vəkilləri ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlığından məmnun olduqlarını xüsusilə vurğulayıblar.