Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq Könüllülərin növbəti qrupunu təlimlərə cəlb edib.
Proqrama qatılmaq üçün müraciət etmiş gənclərdən ibarət növbəti qrup Dövlət Komitəsində olub, onlara Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq struktur rəhbərləri və əməkdaşları tərəfindən Komitənin ümumi fəaliyyəti, o cümlədən struktur bölmələrin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumatlar verilib. Gənclər ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual turnirdə Komitə könüllülərini təmsil edib.
Proqrama uyğun olaraq, Dövlət Komitəsinin fəaliyyəti ilə ümumi tanışlıq mərhələsindən sonra, diaspor könüllüləri, əvvəlcədən müəyyən edilmiş konkret mövzular üzrə, təlimlərə cəlb ediləcəkdir.
Qeyd edək ki, Komitə rəhbərliyinin müvafiq əmri ilə, Komitənin əməkdaşı Bəxtiyar Rəhimov könüllülərlə iş üzrə məsul şəxs təyin olunub və proqramda iştirak üçün müraciət etmiş gənclərlə intensiv işlər aparılır.