Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, Türkiyə Milli Pediatriya Cəmiyyətinin icraçı direktoru akademik Dr. Ənvər Həsənoğlu ilə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin fəaliyyətindən danışan V.Hacıyev son zamanlar xaricdə, o cümlədən Türkiyədə yaşayan soydaşlarımızın yeni çağırışlar konteksində təşkilatlanması və onların beynəlxalq müstəvidə şəbəkələşməsi istiqamətində görülən işlərdən bəhs edib.
Ə.Həsənoğlu rəhbərlik etdiyi fondun ötən dövrdəki fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verərək qeyd edib ki, iki ölkə arasında bütün sahələrdəki mövcud yüksək əlaqələrin daha da dərinləşməsi, xüsusilə elm və təhsil sahəsində əməkdaşlıq fondun prioritet istiqamətlərini təşkil edir.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bildirib ki, fond iki qardaş ölkə arasındakı elm və təhsillə yanaşı, yüksək ixtisaslı həkim kadrların hazırlanmasında, mədəniyyət və incəsənət sahəsində birgə tədbirlərin və layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Səfir fondun qurucusu və ilk rəhbəri olmuş professor, dünya şöhrətli pediatr İhsan Doğramacının Türkiyə ilə yanaşı Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, Ümumilli lider Heydər Əliyevlə dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb.
Sonda görüş iştirakçıları Fondun inzibati binasında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Fondun əsası Türk dünyasının görkəmli elm adamı, ictimai xadim, xalqımızın yaxın dostu İhsan Doğramacı tərəfindən 1997-ci ildə qoyulub. İ.Doğramacı Azərbaycanın ən yüksək dövlət mükafatlarından biri olan "Heydər Əliyev" ordeni ilə təltif olunub.
Daha sonra nümayəndə heyətimiz Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsini (XYTƏİİ) ziyarət edərək, bu qurumun rəhbəri Abdullah Erenlə görüşüb. Görüşdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər, eləcə də iki qurum arasında diasporla iş sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumunda nəzərdə tutulmuş istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Komitə sədrinin birinci müavini qeyd edib ki, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından keçən qısa müddət ərzində çoxsaylı birgə tədbirlər həyata keçirilib. Hər iki qurum rəhbərlərinin bir neçə dəfə görüşü baş tutub. Bununla yanaşı, Türkdilli Dövlətlərlə Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramlarının əhəmiyyətindən danışılıb.
Azərbaycan nümayəndə heyətini Ankarada salamlamaqdan məmnunluq duyduğunu vurğulayan XYTƏİİ-nin rəhbəri A.Eren qeyd edib ki, iki qurum arasında yaradılmış işçi qrupun səmərəli fəaliyyəti, o cümlədən TDƏŞ ilə əməkdaşlıq nəticəsində Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərin diasporla iş üzrə məsul dövlət qurumları ilə əlaqələr genişlənib. O, əlavə edib ki, bütün bunlar türkdilli diasporların potensialının artırılması, mövcud müsbət təcrübənin yayılması, təşkilatlar arasında əlaqələrin möhkəmlənməsi və beynəlxalq arenada birgə fəaliyyətin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Görüşlərdə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Əkrəm Abdullayev və Türkdilli Dövlətlərlə İş sektorunun müdiri Kənan Məmmədov iştirak ediblər.