Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransaya səfəri çərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib.
Görüşdə Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, bu siyasətin həyata keçirilməsində xaricdə yaşayan azərbaycanlıların rolu, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin vacibliyindən danışıb.
Komitənin son bir ildə gördüyü işlərin əks olunduğu videorolik təqdim olunub, Azərbaycan icmalarının, diaspor təşkilatlarının və ayrı-ayrı şəxslərin Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət formaları barədə geniş izahat verilib.
Toplantıda bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən Fransadakı Koordinasiya Şuralarının fəaliyyətin mərkəzləşdirilməsindəki rolu, qarşıya çıxan çətinliklər barədə danışılıb, “Soydaşlar haqqında qanun”un qəbulu ilə bağlı dövlət orqanlarına müraciət olunduğu bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri soydaşlarımızın təkliflərini dinləyib, icmaların daha səmərəli işləmələri üçün geniş imkanlar yaradılması, xüsusilə azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə yeni məktəblərin açılması ilə bağlı mövcud imkanlar müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.