Kanadanın Kvebek vilayətinin Monreal şəhərində keçirilən 4 günlük festivala "Monreal Kanada-Azərbaycan Cəmiyyəti” də qatılıb. Əsasən Şərq ölkələrinin iştirak etdiyi festivalda hər xalq öz mədəniyyətini, musiqisini nümayiş etdirib.
Cəmiyyətin rəhbəri Rəna Müslümova bildirib ki, bu festivala qatılmalarının əsas səbəbi Vətənimizi bir daha tanıtmaq, onu tərənnüm etmək olub: ”Hər bir ölkə üçün ayrılan tanıtım çadırlarında şəkillər, suvenirlər, milli alətlər və sair əşyalar, süvenirlər nümayiş olunurdu. Mən də qərara gəldim ki, Azərbaycanı tanımayan insanlara ölkəmizi təqdim edək. Monrealda yaşayan diaspor fəallarımızla birlikdə 3 ildir ki, Azərbaycanı təmsil edib, milli-mədəni irsimizi təqdim edirik".
Cəmiyyətin könüllüləri tanıtım çadırına yaxınlaşan yerli insanlara ölkəmiz, mədəni və tarixi dəyərlərimiz haqqında ingilis və fransız dillərində məlumatlar verməklə, onlara bu bilgilərin əks olunduğu kitabçalar təqdim ediblər.