Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “CEO Lunch Baku”nun fəxri qonağı olub. “Hyatt Regency Baku” otelində baş tutan görüşü “Caspian European Club” (Xəzər Avropa Klubu) təşkil edib.
Görüşdə “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, son illərdə bir çox Azərbaycan şirkətləri fəal şəkildə xaricdə öz nümayəndəliklərini, idarə və müştərək müəssisələrini yaradırlar və beləliklə də xaricdə Azərbaycan diasporu təmsilçilərinin yeni nəsli formalaşır. Onlar Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrin yaradılmasında maraqlıdırlar.
Tədbir iştirakçılarını salamlayan Komitə sədri müasir dünyada diasporun əhəmiyyəti və Azərbaycan diasporunun vəziyyəti barədə danışıb. Bu sahədə görülən işlərə diqqəti yönəldən F.Muradov bildirib ki, Azərbaycan dövlətinə, dövlətçiliyimizə, milli maraqlarımıza sadiq olan bütün təşkilatlarla, insanlarla əməkdaşlıq etməyə hazırıq: “Bu gün dünyada 500-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Çalışırıq ki, soydaşlarımızın birliyi daha da möhkəmlənsin. Ölkə başçısı möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək Fondu” yaradılıb. Təbii ki, Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan verir. Heydər Əliyev Fondu tərəfindən, ölkəmizin I Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə milli-mənəvi irsimizin təbliği, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq aləmə bəyan edilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bütün bunlar həm soydaşlarımızın müxtəlif ölkələrdə təşkilatlanması, həm Azərbaycan diasporunun fəaliyyətinin stimullaşdırılması baxımından çox mühümdür. Öz növbəsində, xaricdə şirkətlərin nümayəndəliklərinin yaradılması da bu işlərə təkan verə bilər. Eyni zamanda, diaspor təşkilatlarımız da nümayəndəliklərə öz dəstəyini göstərə bilər. Yəni, ümumilikdə bu işlər xaricdə ölkəmizin maraqlarının daha etibarlı şəkildə qorunmasına və Azərbaycan diasporunun inkişafına kömək edər”, - deyə Komitə sədri bildirib.
F.Muradov, eyni zamanda, qarşıya qoyulmuş vəzifələr və perspektivlər barədə də öz fikirlərini bölüşüb.
Daha sonra görüş müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda Komitə sədrinə “Caspian European Club”ın fəxri üzvlük sertifikatı təqdim olunub.
Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un yaradıcısı və ilk sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olub. Təşkilat Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”-un fəal iştirakı ilə 2002-ci ilin iyun ayında yaradılıb.