Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabı Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub.
“Mühacirlərin həyatı” kitabında müəllifin qürbətdə keçən gənclik illəri, qardaşının Fransa üçün canından keçməsi, müharibə illərində yaşadığı çətinliklər, tanış olduğu maraqlı və görkəmli şəxslər ilə bağlı xatirələri toplanıb. Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Albert Kamyu ilə əlaqələri də kitabda geniş yer alıb.
Yaşadığı acılı-şirinli günlərə, keçməkeşli ömür yoluna baxmayaraq, T.Hacıbəylinin xatirələri ailəsinə, yaşadığı ölkəyə və ana vətənə - Azərbaycana olan sevgisinin azalmadığını əks etdirir.
“Mühacirlərin həyatı” kitabının redaktoru “Kəpəz” nəşriyyatının əməkdaşı Ghita Belgueddir.
Yaxın günlərdə Fransanın paytaxtı Paris şəhərində kitabın təqdimatı keçiriləcək.