Müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlər zamanı yarışların keçirildiyi zallarda və meydanlarda soydaşlarımızın idmançılarımızı dəstəkləməsi çox mühüm həvəsləndirici amillərdən biridir.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu amil artıq ənənə şəklini almaqdadır. Məlum olduğu kimi, hazırda İspaniyanın Sevilya şəhərində boccia idman növü üzrə Avropa Çempionatı keçirilir. Sentyabrın 1-dək davam edəcək yarışda baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında ölkəmizi bu idman növü üzrə paralimpiya milli komandamızın üzvü Bəhruz Mirzəyev təmsil edir. Bu yarışda qələbə qazanmaq çox vacibdir, çünki o “Tokio-2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.
Təqdirəlayiqdir ki, bu gərgin yarış günlərində İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Sevilya üzrə əlaqələndiricisi Yaqut Novruzova ailə üzvləri ilə birlikdə Bəhruz Mirzəyevə azarkeşlik edirlər. Həmyerlilərimiz idmançımızı qələbə qazanmağa ruhlandırmaq məqsədilə üçrəngli bayrağımızı zalda dalğalandırır, onun yalnız olmadığını göstərmək üçün nikbin şüarlar səsləndirirlər. İdmançımızla görüşən soydaşlarımız komanda üzvləri ilə birlikdə xatirə şəkli çəkdiriblər.