Atası mühəndis, anası fransız dili müəllimi olan Afa Sadıxlı-Dvorkin uşaqlıq illərini Bakı şəhərində yaşayıb. Uşaqlıqdan musiqiyə böyük həvəsi olan Afa xanım hələ 6 yaşında olarkən skripkaçı Spivakovun çıxışına qulaq asdıqdan sonra, öz valideynlərinə skripkaçı olmaq arzusunu bildirir. Beləliklə də, Bülbül adına musiqi məktəbinə daxil olur. Elle Şumyanskinin sinfində təhsil alan Afa sadıxlı daha sonra təhsilini Teymur Göyçayevin rəhbərliyi altında davam etdirir. Atasının işi ilə əlaqədar Birləşmiş Ştatlara köçən A.Sadixli-Dvorkin orada Miçiqan Universitetinin “skripka” ixtisasına daxil olub. Daha sonra, Vətənə qayıdan xanım musiqiçi Bakıda tərcüməçi kimi fəaliyyət göstərib, eyni zamanda, musiqiçi kimi konsertlərə qatılıb. Daha sonra Miçiqan Universitetindən magistratura pilləsində təhsil almaq üçün dəvət alan A.Sadıxlı-Dvorkin ABŞ-a qayıdıb və magistraturanı bitirdikdən sonra konservatoriyada dərs deməyə başlayıb.
Son dövrlər səhnə həyatından uzaq olan həmyerlimiz klassik musiqi üzrə “Sfinks” təşkilatının prezidenti və bədii rəhbəri kimi fəaliyyət göstərir, eyni zamanda Çikaqo Universitetində müəllim kimi çalışır. “Sfinks” təşkilatı 1998-ci ildə Afa xanımın həyat yoldaşı Eron Dvorkin tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi klassik musiqi sahəsində qeyri-amerikalı musiqiçilərə dəstək göstərməkdən ibarətdir. Bir çox böyük layihələrə imza atan təşkilatın Amerikada klassik musiqinin inkişafında mühüm xidmətləri olub.
A.Sadıxlı-Dvorkin 2018-ci ilin yanvarında ABŞ-ın Ali Məh¬kəmə¬ binasında “Sfinks” təşkilatının tanınmış musiqiçilərə medalları təqdim etməsi mərasimində, münsiflər heyətinin üzvü kimi, iştirak edib. 50 nəfərlik münsiflər heyəti içərisindən medalların təqdim edilməsi üçün seçilən üç nəfərdən biri də həmyerlimiz Afa xanım olmuşdur.
Soydaşımız uzun müddətdir xaricdə yaşamasına baxmayaraq, Bakını doğma şəhəri hesab edir, azərbaycançılığı, vətən sevgisini özündə daşıyır və övladlarına da bunu təbliğ edir. A.Sadıxlı-Dvorkinin fikirləri də bunu bir daha təsdiq edir: “Bakı mənim doğma şəhərimdir, mən orada böyüdüm, orada əzizlərim və yaxınlarım yaşayır - anam, bacım, qohumlarım. Bakıya gəldiyimdə, buradan ayrılmaq istəmirəm, hər dəfə ilk dəfəki kimi, onu tərk etmək istəmirəm. Ən maraqlısı isə oğullarımın, xüsusilə də kiçik oğlumun şəhərimizə çox bağlı olmasıdır. Baxmayaraq ki, Ştatlarda doğulub, Bakıda isə ildə 1-2 dəfə bir neçə günlüyə olub, Bakı şəhərini çox sevir.