Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR-2019” beynəlxalq incəsənət müsabiqəsində iştirak etmək üçün Latviyada səfərdə olub.
Müsabiqədən öncə gənc artistlərimiz Riqa şəhərindəki Latviya Universitetinin Akademik Kitabxanasında tamaşa-konsert proqramı ilə çıxış ediblər. Latviyadakı Səfirliyimizin dəstəyi və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimovun təşkilatçılığı ilə baş tutan tədbirə icma üzvlərimiz və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə açan tanınmış müsiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə ölkəmizin zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara ətraflı məlumat verib. Teatr sənətinin gənclərin estetik zövqünün formalaşmasındakı rolundan bəhs edən professor “Günay” teatr-studiyasının fəaliyyətini yüksək qiymətləndirib və bu yolda onlara uğurlar arzulayıb.
“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edib.
“Günay” teatr-studiyasının rəhbəri Larisa Tarusova tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, gənc artistləri tamaşaçılara təqdim edib. Onların ifasında nümayiş olunan milli rəqslər və musiqi nümunələri, səsləndirilmiş şeirlər tamaşaçıların böyük marağına səbəb olub. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş “Üç tonqal” tamaşası və “Arşın mal alan” operettasından qızların rəqsi isə xüsusi rəğbətlə qarşılanıb.