Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində stolüstü oyunlar festivalı keçirilib. Dostluq Evində təşkil edilən tədbir Qazaxıstan Xalqları Assambleyasının (QXA) təşkilatçılığı ilə baş tutub.
Festivalda etnomədəni birliklərin nümayəndələri, ictimai xadimlər, yerli sakinlər və şəhərin qonaqları iştirak ediblər.
Tədbirdə ölkəmizi “Xəzər” Azərbaycan Etnomədəni Mərkəzi (AEM) təmsil edib. Mərkəz əməkdaşları öz məharətlərini milli stolüstü oyunlarda nümayiş etdiriblər. Humanist ideyalara, dostluğun və millətlərarası birliyin möhkəmləndirilməsindəki yüksək töhfələrinə görə “Xəzər” AEM təşəkkürnaməyə layiq görülüb. Assambleyanın sədr müavini Janseit Tuymebaev təşəkkürnaməni mərkəzin rəhbəri Vidadi Ağayeva təqdim edib.
Təşkilatçılar qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd Qazaxıstanda yaşayan etnosların mədəni adət və ənənələrinə qoşulmaq, xalqların stolüstü oyunlarını populyarlaşdırmaq və gənclərdə sağlam həyat tərzi vərdişlərini formalaşdırmaqdır.