Avqustun 20-də Gürcüstanın Marneuli rayonunda yeniyetmələr arasında futbol üzrə yarış keçirilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü ilə baş tutan yarışa 12 futbol komandası qatılıb. Onların arasında Marneulinin 1, 3, 4, 6, 8 saylı ictimai məktəblərinin və “Gənclik” klubunun komandaları olub.
Komandalar futbol meydanına Gürcüstan, Azərbaycan və Avropa İttifaqının bayraqları ilə daxil olublar. Daha sonra Azərbaycan və Gürcüstanın dövlət himnləri səslənib. Final oyunu “Gənclik” klubunun komandasının qələbəsi ilə başa çatıb.
Tədbirdə Gürcüstan parlamentinin millət vəkili Ruslan Hacıyev, GAİM-in əməkdaşları, könüllüləri və valideynlər iştirak ediblər. Mərkəzin icraçı direktoru Aygül İsayeva bildirib ki, yarışı keçirməkdə əsas məqsəd futbolu kütləviləşdirmək, onu inkişaf etdirmək, istedadlı yeniyetmələri üzə çıxarmaqdır.
Yarışda 1-ci, 2-ci və 3-cü yeri tutan komandalara kuboklar, medallar, diplomlar, pul mükafatı, məşqçi Əhməd İsmayılova təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, yeniyetmələr arasında futbol üzrə yarışa avqustun 16-dan start verilmişdi.