İyulun 31-də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) gənc məzunlara sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan GAİM-in direktoru Aygül İsayeva bildirib ki, “Gənclər gələcəyimizdir. Təhsil millətin gələcəyidir” layihəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşdirilib. Apreldən fəaliyyətə başlayan mərkəzdə Azərbaycan, gürcü, ingilis dilləri, ədəbiyyat, tarix, məntiq, kompüter və məktəbəqədər hazırlıq üzrə kurslarda iki yüzə yaxın dinləyici təhsil alıb: “GAİM ölkəmizdə yeganə mərkəzdir ki, Gürcüstan və dünya tarixi ilə yanaşı, Azərbaycan tarixi də tədris olunur. Biz azərbaycanlı olaraq öz tariximizi, mədəniyyətimizi mükəmməl səviyyədə bilməyə borcluyuq. Mərkəz yalnız təhsil deyil, həm də tərbiyə ocağıdır. Dinləyicilərimizə biliklə yanaşı, etik qaydalar da tədris olunub, onların estetik zövqlərinin formalaşmasına çalışmışıq”.
Qızların təhsil almasının xüsusilə önəmli olduğunu vurğulayan mərkəz direktoru Azərbaycan xanımlarının həmişə mübariz, mərd, qeyrətli, namuslu, qorxmaz, savadlı olmalarının, Tomris, Burla xatun, Sara xatun, Pəri xanım Sofiyeva kimi lider qadınların davamçısı olaraq qürur duymalarının vacibliyini qeyd edib: “Siz Gürcüstanın gələcəyisiniz. Sizin aranızdan Gürcüstanın prezidenti, baş naziri, mer, bələdiyyə sədri və sair yüksək vəzifələrə layiq görüləcək gənclərin yetişməsini görmək istərdim. Düşünürəm ki, bunun üçün sizin hər cür potensialınız var”.
Mərkəzin müəllimləri Leyla Babayeva, Musa Ömərov, Fatma Əliyeva və Nərgiz Nəbiyeva çıxış edərək gənc məzunlara uğurlar arzulayıblar.
Sonda məzunlara sertifikatlar təqdim edilib.