Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” Proqramının ilk buraxılış qrupu ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin rəhbər heyəti, könüllülər və müxtəlif ölkələrdən Diaspor gənclərinin II Yay düşərgəsinə qatılmış bir qrup gənc iştirak edib. Tədbiri giriş sözü ilə açan Komitənin Aparat rəhbərinin müavini Adil Hüseynov iştirakçıları salamlayaraq, könüllülük işinin perspektiv üçün bir baza olduğunu bildirib. Komitə səlahiyyətlisi proqramı uğurla başa vuran könüllüləri təbrik edib.
Daha sonra çıxış edənlər könüllülərin struktur bölmələrin fəaliyyətində aktiv iştirak etdiklərini bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Könüllülərlə iş üzrə koordinator Bəxtiyar Rəhimov çıxışında könüllülərə əlverişli şərait yaradıldığı üçün rəhbərliyə və kollektivə minnətdarlığını bildirib. B.Rəhimov proqram çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən könüllülər proqramda iştirakdan məmnun qaldıqlarını qeyd edərək, təlimlər zamanı əldə etdikləri informasiyalara görə, struktur bölmələrdə yaradılan şərait üçün minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim edilib.