Gürcüstanın Marneuli rayonunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş poeziya günü keçirilib.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən GAİM-in icraçı direktoru Aygül İsayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva, Arif Əliyev adına 1 saylı Talaver kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Səyyad Allahverdiyev, Səmayə Musayeva bildiriblər ki, İ.Nəsimi Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardan biridir. Natiqlər qeyd ediblər ki, təkcə Azərbaycanda deyil, bütün Şərqdə qüdrətli şair kimi tanınan Nəsimi mübarizlik, məğrurluq, mətinlik, mərdlik rəmzi kimi ərazilərinin 20 faizinin işğal olunduğu Azərbaycan və Gürcüstan gəncləri və hərbçiləri üçün örnəkdir. Tədbir iştirakçılarına sufilik və hürufilik haqqında da ətraflı məlumat verilib.
“Nəsimi” filmindən fraqmentlərin nümayiş olunduğu və “Nəsimi Kantatası”nın təqdim olunduğu tədbir GAİM-də təhsil alan gənclərin ifasında dahi mütəfəkkirin Azərbaycan və gürcü dillərində qəzəllərinin səsləndirilməsilə yekunlaşıb.