Estoniyanın cənubunda yerləşən Piusa istirahət mərkəzində təşkil olunmuş Yay Düşərgəsində Azərbaycan dilinə və mətbəxinə həsr olunmuş tədbirlər keçirilib.
Bu ölkədə yaşayan milli azlıqlar (fin, ingermanland, ukraynalı, rus və sair) üçün nəzərdə tutulmuş layihə Estoniya Təhsil Nazirliyinin dəstəyilə gerçəkləşib. Layihədə Azərbaycan dili həftəsonu məktəbinin müəllim və şagirdləri də iştirak ediblər.
Düşərgənin ilk günü Azərbaycan dili həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva iştirakçılara milli mətbəximiz barədə ətraflı məlumat verib. Tədbirin sonunda şəkərburanın bişirilməsini əyani şəkildə nümayiş etdirən həmyerlimiz qonaqlara onun hazırlanma qaydasını izah edib.
Azərbaycan dilinə həsr olunmuş tədbirə isə iştirakçılarla yanaşı, istirahət mərkəzində dincələn qonaqlar da qatılıblar. Onlara dilimiz haqqında geniş məlumat verilib və əlifbamız təqdim edilib. Hər bir iştirakçı özünün seçdiyi cümləni Azərbaycan dilində yazmağı və səsləndirməyi öyrənib.
Daha sonra görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə “Nəsimi ili” kimi qeyd edildiyinə diqqət cəlb olunub. Azərbaycan dili həftəsonu məktəbinin müəllim və şagirdləri dahi şairimizin qəzəllərini müxtəlif dillərdə səsləndiriblər. “Nəsimi” bədii filmindən fraqmentlərin də nümayiş edildiyi tədbir böyük maraqla qarşılanıb.