Şotlandiyanın Sent-Endrüs (St.Andrews) Universitetində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Universitetdəki Azərbaycan cəmiyyətinin sədri Aslan Şıxəliyevin təşkilatçılığı ilə baş tutub.
Sent-Endrüs və Oksford Universitetlərinin professorlarının, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlarının, eləcə də Böyük Britaniyadakı Səfirliyimizin nümayəndəsinin qatıldığı tədbiri giriş sözü ilə açan A.Şıxəliyev dahi şair İ.Nəsiminin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O, bu tədbirin həyata keçirilməsini dəstəkləyən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib. Cəmiyyət sədri həmçinin St.Endrüs Universitetinin kitabxanasına Nəsiminin seçilmiş qəzəllərindən ibarət kitabları hədiyyə olaraq göndərdiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü ifadə edib.
Daha sonra universitetdə və müxtəlif ölkələrdə maqistr dərəcəsində təhsil alan tələbələr dahi şairimizin qəzəllərini səsləndiriblər. Onların çıxışları Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub. Tələbələrə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sertifikatlar verilib.
Tədbir “Nəsimi” filminin ən yadda qalan epizodlarının ingiliscə alt yazısı ilə nümayişi və Azərbaycan şirniyyatlarının qonaqlara təqdimilə yekunlaşıb.
Qeyd edək ki, Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinə dair Sərəncamına əsasən həyata keçirilir.