“The Jerusalem Post” qəzetində Azərbaycandan bəhs edən məqalə dərc olunub. Arye Qutun qələmə aldıqı məqalədə qeyd olunub ki, bu ilin əvvəlində Azərbaycana səfər edən bir qrup İsrail və ABŞ jurnalisti ölkəmizin geosiyasəti, mühiti və tarixi haqqında çoxlu məlumat əldə edib.
İsrail və Azərbaycanın möhkəm və güclü tərəfdaş olduqlarını vurğulayan müəllif xatırladıb ki, iki dövlət arasında siyasi dialoq yüksək səviyyədədir, illik iqtisadi dövriyyə 3,5 milyard ABŞ dolları təşkil edir, enerji sektoru isə münasibətlərin strateji əsaslarından biridir.
Müəllif yazır ki, əhalisinin 90 %-nin müsalman olduğu Azərbaycan həm də bir çox etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmalarının vətənidir: "Hətta təxminən 30 il öncə Dağlıq Qarabağ münaqişəsi baş verəndə, Azərbaycan cəmiyyəti etnik qruplar arasında sülhün qorunub saxlanılmasını davam etdirib".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Ravan Həsənov bunu jurnaılistlərə belə izah edib: "Səbəb ondadır ki, Azərbaycan hər zaman mültikulturalizm üçün unikal məkan olub".
Ermənistanla münaqişənin başlanması dönəmini yada salan müəllif qeyd edib ki, 1991-ci ildə SSRİ-nin dağılması Azərbaycandakı tolerantlıq ənənələri üçün əsl sınaq olub: "O dönəmdə Ermənistan Respublikası hücum edərək, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon olmaqla, Azərbaycan torpaqlarının təxminən 20%-ni işğal etdi, nəticədə, təxminən 30 min azərbaycanlı öldürüldü və demək olar ki, 1 milyon adam məcburi köçkünə çevrildi. Azərbaycanlılar düşünürlər ki, soyqırımyönlü zorakı və vəhşı hücümlar XX əsrin sonlarında ən böyük faciələrdən birini təşkil edir. Məsələn, Xocalıda 613 Azərbaycanlı öldürüldü, 487 nəfər yaralandı və 1275 mülki şəxs əsir götürüldü".
Məqalədə 2016-cı ilin aprel döyüşləri zamanı erməni işğalından azad edilmiş Lələtəpə yüksəkliyindən, Cocuq Mərcanlıya səfərdən, 1978-ci ildə ermənilərin İrandan Azərbaycana köçürülməsinin 150 illiyi münasibətilə ucaldılmış "Marağa" abidəsinin ziyarətindən ətraflı bəhs edilib, xarici işlər naziri Elmar Məmmədyarovun, müdafiə nazirinin müavini Kərəm Vəliyevin, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə yer verilib.