İyulun 4-də Kislovodsk şəhər administrasiyasında “dəyirmi masa” keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyevin, ekspert Teymur Atayevin və diaspor nümayəndələrinin qatıldığı tədbir zamanı müasir mərhələdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq, turizmin inkişafında qarşılıqlı fəaliyyətin yolları və ictimai təşkilatların fəaliyyətinə həsr olunmuş məsələlər müzakirə olunub.
Rusiya tərəfini Kislovodsk şəhərinin meri Aleksandr Kurbatov, şəhər dümasının sədri Lyubov Voloşina təmsil ediblər.
Müzakirələr zamanı A.Kurbatov Azərbaycanla bağlı təəssüratlarını bölüşüb: “Ötən ilin aprelində sizin respublikanıza səfərdən sonra qəlbimizdə çox hərarətli hisslər qaldı. Azərbaycanda saysız-hesabsız dost qazandıq. Digər respublikalarda bu sayda dostumuz yoxdur. Bizim qardaşlaşdığımız ultra müasir, eyni zamanda tarixə və milli ənənələrə hörmətin qorunub saxlandığı Qəbələ şəhərini görmək çox xoş idi. Bakıda əməksevər və xeyirxah insanların çalışdığı sənaye müəssisələri bizi heyrətləndirdi”.
Tədbirdə çıxış edən R.Quliyev, T.Atayev və L.Voloşina bildiriblər ki, sıx tərəfdaşlıq və dostluq əlaqələrinin birləşdirdiyi Stavropol və Azərbaycan turizm, mədəniyyət və idman sahələrində uğurla əməkdaşlıq edir. Bölgədə diaspor işinin aparılması və müştərək layihələrin gerçəkləşdirilməsi üçün bütün şərait yaradılıb. Natiqlər təkçə iqtisadi əlaqələr nöqteyi-nəzərindən deyil, həm də mədəni-təhsil prosesi baxımından qarşılıqlı hərəkət resurslarını müzakirə ediblər. Onların fikrincə, informasiya-kommunikasiya istiqamətləri, eləcə də turizm sahəsində iki ölkəni yaxınlaşdıracaq yeni proqramların yaradılması əlavə təmas nöqtələri ola bilər.
Tədbir iştirakçıları “Araz Azərbaycan İcması” ictimai təşkilatının Kislovodskda intensiv fəaliyyət göstərdiyinə diqqəti cəlb ediblər.