İyulun 3-də Pyatiqorsk şəhər dumasında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə şəhər dumasının sədri Lyudmila Poxilko, sədr müavini Vasili Bandurin, şəhər administrasiyasının başçısı Viktor Fisenko, Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və eksperti Teymur Atayev, "Araz Azərbaycan icması" Stavropol regional ictimai təşkilatının təmsilçiləri iştirak ediblər.
Qonaqları salamlayan L.Poxilko bildirib ki, Azərbaycan diasporu şəhərdə ən iri diasporlardan biridir: "Gənclərlə çox yaxşı iş aparılır. Burada Azərbaycandan çoxlu sayda tələbə təhsil alır".
R.Quliyev öz növbəsində qeyd edib ki, Rusiyada diasporlarla səmərəli iş aparılması üçün bütün şərait yaradılıb.
Görüş iştirakçıları bizim diasporun yerli hakimiyyətlə tam qarşılıqlı fəaliyyət yollarını müzakirə ediblər, gənclərlə işə və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönələn müştərək layihələrin gerçəkləşməsi perspektivlərinə diqqəti cəlb ediblər, siyasi, iqtisadi, mədəni tərəfdaşlıq, ticarət, turizm sahələrində əməkdaşlıq və sair barədə ətraflı fikir mübadiləsi aparıblar.
Daha sonra komitə nümayəndələri və azərbaycanlı icmanın təmsilçiləri şəhərin "Milli Mədəniyyət Evi"nin direktoru Yuliya Maltsevlə görüşüblər.
Y.Maltseva rəhbərlik etdiyi mədəniyyət ocağının diasporlarla sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib: "Hər aləm heyrətamiz, təkrarolunmazdır. Biz gənc oğlan və qızları multikultural Pyatiqorskda təmsil olunan bütün millətlərə məxsus olan ənənələrlə tanışetmək istəyirik".
O, bununla əlaqədar fəallıq nümayiş etdirən Azərbaycan diasporunun rəhbəri Təhmasib Zeynalova minnətdarlığını bildirib. Y.Maltseva qeyd edib ki, məhz soydaşımızın köməyi sayəsində "Böyük qələbənin varisləri" hərbi şöhrət obyektlərinin qorunması və tanıdılması üzrə müsabiqə keçirilib.
Komitə nümayəndələri azərbaycanlıların milli ənənələrinin təbliğatına yönələn addımlara görə "Milli Mədəniyyət Evi"nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.