İyulun 2-də Rusiyanın Pyatiqorsk şəhərindəki Reğional İşgüzar Mərkəzdə Stavropol diyarında yaşayan və təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib.
"Araz" cəmiyyətinin gənclər qanadının təşkil etdiyi görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, eksperti Teymur Atayev, yerli azərbaycanlı icmasının rəhbəri Təhmasib Zeynalov, Pyatiqorsk, Mineralnıye Vodı, Kislovodsk və Jeleznovodsk şəhərlərindəki gənclərin təmsilçiləri iştirak ediblər.
Müzakirələr zamanı gənc soydaşlarımız Pyatiqorskda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradilması niyyətlərini gerçəkləşdirmək üçün bütün imkanları nəzərdən keçirdiklərini bildiriblər. Onların fikrincə, bu, xalqımızın milli və mədəni dəyərlərinin qorunub saxlanılması baxımından vacibdir. Eyni zamanda gənc fəallar qeyd ediblər ki, Rusiyada özlərini yad hiss etmirlər və çoxsaylı millətlərin yaşadığı Pyatiqorsk şəhərində hər hansı sıxıntılı durumla qarşılaşmırlar. Buna görə Rusiya hakimiyyətinə minnətdar olduqlarını vurğulayan tədbir iştirakçıları bildiriblər ki, gənclərimiz istər Azərbaycanın, istərsə də Rusiyanın tarixi və əlamətdar günlərinə həsr olunmuş müxtəlif tədbirlərdə fəal iştirak edirlər.
Dövlət Komitəsinin nümayəndələri gənc soydaşlarımızı hazırda Rusiyada yaradılmış imkanlardan faydalanaraq, bütün sahələrdə öz potensiallarını reallaşdırmağa, daim irəli getməyə, həmişə Vətənimizin və xalqımızın adını ucaltmağa çağırıblar.