Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Rusiya Federasiyasının (RF) Stavropol diyarının Pyatiqorsk şəhərinə səfər edib.
İyulun 2-də Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və eksperti Teymur Atayev RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının filialı olan Şimali Qafqaz İnstitutunun direktoru, RF İctimai Palatasının üzvü Əzəmət Tlisovla görüşüblər.
Görüş zamanı Rusiya və Azərbaycan arasında humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Tlisov məmnunluqla qeyd edib ki, burada təhsil alan azərbaycanlılar çox yaxşı oxuyurlar. Onlar, əsasən, menecmenti və iqtisadiyyatı öyrənirlər.
Dövlət Komitəsinin nümayəndələri azərbaycanlıların buradakı ali məktəblərdə təhsil almaları üçün yaradılan şəraitə görə institut rəhbərliyinə və Rusiya hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Tərəflər bu sahədə daha bir neçə layihənin baxılması barədə razılığa gəliblər.