Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) təşkilatçılığı ilə Türkiyənin Van şəhərində bir sıra görüşlər keçirilib.
Beynəlxalq Diaspor Mərkəzinində də (BDM) təmsil olunduğu nümayəndə heyəti Van şəhər Valisi, Van şəhər polis rəisi, Ədalət və İnkişaf Partiyasının (AKP) Van millət vəkili, AKP və Milliyyətçi Xalq Partiyasının (MHP) Van təşkilat sədrləri, Van 100-cü il Universitetinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə son zamanlar Ermənistandan həm rəsmi, həm də digər şəxşlərin bu bölgələrə səfərlərinin və Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərin intensivləşməsi, turizm, mədəniyyət və digər istiqamətlərdə müxtəlif layihələrin həyata keçirilməsi kimi məsələlərin Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılandığı ifadə edilib. Bu kimi, halların Azərbaycan-Türkiyə strateji əməkdaşlıq münasibətlərinə zərər vura bilməyəcəyinə əminlik ifadə olunub.
Daha sonra, nümayəndə heyəti Vandakı Akdamar adasındakı Akdamar Kilsəsini ziyarət ediblər. Burada Akdamar Kilsəsinin ermənilərin iddia etdiyi kimi, ermənilərə deyil türk-xristian mədəniyyətinə aid olduğu ilə bağlı məlumatlandırma kampaniyası keçirilib. Mətbuat nümayəndələrinə, eləcə də buranı ziyarət edən turistlərə Azərbaycanla bağlı suvenir və Azərbaycan bayrağı hədiyyə edilib.
Azərbaycanlıların kompakt məskunlaşdıqları Van Alaköy kəndində də görüş keçirilib. Alaköy kənd Muxtarlığında keçirilən görüşdə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov Azərbaycanın mədəni irsinin təbliği və qorunması istiqamətində görülən işlər, eləcə də soydaşlarımızın kompakt məskunlaşdıqları Van və ətraf bölgələrdə həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib. Bildirilib ki, Türkiyənin Şərqi Anadolu bölgəsində, o cümlədən Vanda yaşayan soydaşlarımızın öz milli-mədəni mənsubiyyətlərini qoruyub saxlaması, gənc və böyüməkdə olan nəslin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaları, onların milli-mənəvi ruhda böyüməsi istiqamətində yaxın vaxtlarda silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu görüşün də həmin tədbirlərə hazırlıq məqsədi daşıdığı diqqətə çatdırılıb.
BDM-nin rəhbəri İsmayıl Ağayev və ASİMDER-in rəhbəri Göksel Gürbey rəhbəri olduğu təşkilatların əsassız erməni iddialarına qarşı fəaliyyət göstərdiyini qeyd edib, Van və ətraf bölgələrdə Azərbaycan mədəniyyətinin təbliği və tanıdılması baxımından bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Alaköy kənd muxtarı Zeki Akyürek Azərbaycan nümayəndə heyətinə görüş üçün təşəkkür edib. Dövlət Komitəsi tərəfindən Van şəhərində soydaşlarımızla bağlı planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi aparıldı və bir sıra təkliflər səsləndirildi.
Sonra, Şəhid Çetin Aysan adına Alaköy kənd orta məktəbinin şağirdlərinə Dövlət Komitəsi adından 250 ədəd müxtəlif oyuncaq və Azərbaycan bayraqları hədiyyə edilib.
Qeyd edək ki,Türkiyədə etnik azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri də Van bölgəsi hesab olunur.
Burada Van şəhərinin 10-dan çox kənd əhalisinin mütləq əksəriyyətini vaxtilə İrandan buraya köçmüş etnik azərbaycanlılar təşkil edir.