İyunun 28-də Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevin fərmanı ilə Krımbek Kuşerbayev Prezident Aparatının rəhbəri təyin edilib.
Azərbaycanın və Türk dünyasının dostu olan K.Kuşerbayev dövlət xadimi kimi çox maraqlı bioqrafiyaya malikdir. O, 1997-1999-cu illərdə təhsil, mədəniyyət və səhiyyə naziri, 2000-ci ildən Qərbi-Qazaxıstan vilayətinin akimi, 2003-cü ilin noyabrından Qazaxıstanın Rusiya Federasiyasında, Finlandiyada fövqəladə və səlahiyyətli səfiri, 2006-2011-ci illərdə Manqistau vilayətinin akimi, 2012-ci ildə ölkə prezidentinin müşaviri və baş nazirin müavini, 2013-cü ildən Qızılordu vilayətinin akimi vəzifələrini daşıyıb.
Xatırladaq ki, Qızılordu vilayətinin akimi vəzifəsində olarkən türk dünyasının birliyi və çiçəklənməsinə əhəmiyyətli töhfələr verdiyinə görə K.Kuşerbayev “Dədə Qorqud” milli fondunun “Vətən övladı” qızıl ordeninə və mükafatına layiq görülmüşdü.
Bu yaxınlarda Qazaxıstana səfəri zamanı fondun prezidenti Eldar İsmayılov K.Kuşerbayevlə görüşərək, mükafatları ona təqdim etmişdi. O, vilayətdə Qorqud Atanın irsinin qorunub saxlanılmasında xidmətlərinə görə akimin və onun mərhum atası Yeley Kuşerbayevin ünvanına xoş sözlərini bildirmiş, məhz Y.Kuşerbayevin təşəbbüsü ilə Sırdərya sahilində Qorqud Ata tarixi kompleksinin ucaldıldığını xüsusi vurğulamışdı.
K.Kuşerbayev öz növbəsində Azərbaycan xalqına, Türk dünyasına hörmət və ehtiramını bildirərək, E.İsmayılova “Qorqud ata” rəsm əsərini və Qorqud Ata haqqında kitabın qazax, ingilis və rus dillərində yazılmış disklərini hədiyyə etmişdi.