Məlum olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 1-i Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı yeni proqrama başlayıb.
Proqramda iştirak hüququ qazanan könüllülər Dövlət Komitəsində müvafiq təlimlərə cəlb edilirlər. Proqrama uyğun olaraq, könüllülərin təlimləri davam edir. Onların xaricdə yaşayan soydaşlarımızla görüşləri təşkil edilir, Diaspor TV vasitəsilə xaricdəki azərbaycanlılarla video bağlantılar yaradılır və s. Könüllülərin bir hissəsi də Komitənin müvafiq şöbələrində iş prosesində yaxından iştirak edirlər.
Beləliklə, Azərbaycan Diaspor Könüllüləri proqramına qatılan gənclərin aktiv fəaliyyəti təmin edilib və onlara bütün lazımi biliklər öyrədilir, məsləhətlər verilir, iş prosesində fəal iştiraklarına şərait yaradılıb. Bunları nəzərə alaraq, könüllülərin proqrama münasibətlərini öyrənməyə çalışdıq.
Həmidə Nəzərli: Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinin 2-ci kurs tələbəsiyəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində böyük həvəslə Komitənin fəaliyyəti ilə tanış oluruq və bilmədiklərimizi öyrənirik. Programa heç bir tərəddüd etmədən qoşuldum. Məqsədim ölkəmə az da olsa xeyir verməkdir. Əslində, öyrəndiklərimiz gələcəkdə daha uğurlu fəaliyyət üçün dəyərli bir bazadır.
Programın ilk həftəsində ayrı-ayrı şöbələrin iş strukturları ilə tanış olduq. Təəssüratlarım müsbətdir. Artıq gələcək həftələrdə görəcəyimiz işlərlə məlumatlandırılmışıq. Böyük səbirsizliklə, həmin həftələri gözləyirəm. Könüllü gənclər daha çox praktiki fəaliyyətə maraq göstərirlər.
Komitədə könüllülərin fəaliyyətinə müsbət yanaşma və hər bir gəncin bu fürsətdən yararlana bilməsi üçün müəyyən qrafik tərtib edilib və onlar qruplara bölünüblər.
Bir çoxları kimi məndə də belə bir fikir formalaşmışdı ki, ölkəni tərk edən əksər azərbaycanlılar öz Vətəni ilə əlaqə yaratmır. Amma könüllü olduqdan sonra fikirlərim tamam dəyişdi. Mən anladım ki, həmvətənlərimizin çoxu ölkədən getsə də, daim əlaqə saxlayır, onu sevir, yaşadığı ölkədə tanıtdırır və oradakı azərbaycanlılarla dostluq etməyə və yardımlaşmağa çalışır.
Mən könüllülük fəaliyyəti məhdud olan bir gəncəm. Komitədə isə bir çox yerdə könüllü olmuş gənclər kifayət qədərdir. Amma düşünürəm ki, Diasporla iş üzrə Dövlət Komitəsində könüllülük fəaliyyətim mənim bu istiqamətdə təcrübəmi daha da zənginləşdirəcək.
Aynurə Məmmədova: Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Politologiya ixtisası üzrə IV kurs tələbəsiyəm. Təhsil aldığım sahə üzrə elmi biliklərə yiyələnərək şəxsi inkişafa xidmət edən bir çox təlim və layihələrin iştirakçısı olmuşam. “Azərbaycan Skautlar Assosiasiyası”nın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq tədbirdə, Asan Xidmət Mərkəzində, digər bir sıra yerli və xarici layihələrdə iştirak etmişəm. Aldığım təlimlər sayəsində Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı müəyyən faydalı məlumatlara sahiblənərək düzgün bir seçim etdiyimi və könüllülük fəaliyyətimi doğru şəkildə qiymətləndirəcəyimi düşünürəm. Dövlət orqanlarının iş strukturu ilə tanış olmaq, iş prosesində yaxından iştirak etmək və əldə edəcəyim praktiki təcrübə ilə elmi sferada yiyələndiyim nəzəri bilikləri birləşdirərək müəyyən təcrübə toplamaq proqramda iştiraklımın əsas məqsədidir.
Mehriban kollektivi olan Komitədə könüllü olmaq, bizi özümüzü buranın əməkdaşı kimi hiss etməyimizə səbəb olur. İş prosesində yaranan istənilən sualların yerindəcə ətraflı və dolğun bir şəkildə izah edilməsi iş mühitinin nə dərəcədə obyektiv prinsiplər üzrə qurulduğunu bir daha sübut edir.
Leyla Nəcəfova: Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və İdarəetmə” fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasının IV kurs tələbəsiyəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmağımla bağlı təəssüratlarım müsbətdir. “Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin struktur fəaliyyəti ilə yaxından tanış olaraq, universitet dövründə əldə etdiyim nəzəri biliklərimi, təcrübə baxımından düzgün şəkildə tətbiq etmək bacarıqlarını əldə etməyə çalışıram. “Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində Komitənin uyğun tədbirlərində aktiv iştirak etməyə, təhkim olduğum şöbənin gördüyü bır sıra işləri öyrənməyə (göndərilən və qəbul edilən məktubların icra olunması, tərtib olunması, imzalandırılması, müvafiq əməkdaşlara elektron formada ünvanlanması və s.) və verilən tapşırığları yüksək keyfiyyətlə operativ şəkildə yerinə yetirməyə çalışıram.
“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində təcrübə keçərək, Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti haqqında ətraflı məlumat əldə edirik.
“Azərbaycan Diaspor Könüllüləri” proqramının bir könüllüsü olaraq Komitə rəhbərliyi və əməkdaşlarının bizə münasibəti çox gözəldir. Gənclərə göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və kollektivə öz dərin təşəkkürümü bildirirəm.
Nəcəf Qənbərov: 1992-ci il dekabrın 18-də Cəlilabad şəhərində anadan olmuşam. Bakı şəhəri 159 saylı orta məktəbi bitirdikdən sonra Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində “Beynəlxalq əlaqələr” fakültəsində bakalavr təhsili aldıqdan sonra İstanbul şəhərində Beykent Universitetində “MBA” proqramı üzrə “İnsan Resurslarının idarə edilməsi” üzrə magistratura təhsili aldım. Həmçinin, tələbə ikən mütəmadi olaraq Avropa ölkələrində yay məktəblərinə də qatılırdım. Hazırda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin xarici əlaqələr şöbəsinin rəhbəriyəm.
Bu proqrama cəlb olunmağımın əsas səbəbi uzun illər xaricdə fəaliyyət göstərən bir azərbaycanlı olaraq komitənin daxilində butun dunya azərbaycanlıları ilə işlərin hansı formada getdiyi ilə daha yaxından tanış olmaq və təcrübəmi komitə əməkdaşlarının dəstəyilə artırmaqdır.
Həqiqətən, bu proqram gənclərin inkişafına, dövlət səviyyəsində kollektiv iş mühitinə öyrənməsi üçün töhfələr verəcək. Düşünürəm ki, könüllülərin həyatında bu proqram çəçivəsində öyrəndiklərimiz önəmli rol oynayacaq. Yaratmış olduğu imkanlardan ötrü bütün komitə əməkdaşlarına təşəkkür edirəm.
Nərmin Məmmədova: Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər və İqtisadiyyat” fakültəsinin “Politologiya” ixtisası üzrə 4-cü kurs tələbəsiyəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramı diqqətimi çəkdi və bu proqrama qoşulmaq arzum oldu. Mən Dövlət Komitəsində qısa müddət ərzində könüllü olsam da, özümü ev sahibi kimi hiss edirəm. Bir sıra tədbirlərdə iştirak etmişəm, diaspor hərəkatı haqqında ətraflı məlumat toplamışam, məktubların icra olunması, tərtib olunması, imzalandırılması və s. işlərdə iştirak etmişəm. Çox sevindirici haldır ki, Dövlət Komitəsində çox səmimi münasibət görürük və özümüzü ev sahibi kimi hiss edirik. Mən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçısı olmaqdan çox məmnunam.
Aytac Abbasova: Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil almışam, magistratura pilləsinə qəbul olmuşam. Daha sonra “MBA” (insan resursları) proqramı üzrə və növbəti illərdə isə xaricdə təhsil almağı planlayıram.
Qısa müddət ərzində məndə Diaspor Komitəsində könüllülük fəaliyyəti ilə bağlı müsbət fikirlər formalaşıb. Müxtəlif şöbələrdən əməkdaşlarla görüşürük, bu şöbələrin gördükləri işlər haqqında məlumatlar alırıq. Biz könüllülərə ASAN xidmətin əməkdaşı 4 mövzuda təlim keçib. Çox maraqlı idi, vaxtın necə keçdiyini bilmədim. Gələcək karyera və həyatda uğur qazanmaqla bağlı müəyyən şeyləri öyrəndik. Düşünürəm ki, həqiqətən də bu proqrama qoşulmağa dəyər.
Proqrama qoşulmazdan əvvəl "Diaspor nədir?", "Nə kimi işlər görür?" bu haqda çox az məlumatım var idi. Qeydiyyat linkini bir dostum atmışdı, bu mövzuda nələrsə öyrənmək və iş təcrübəsi qazanmaq, həm də xaricdə təhsil almağı planladığım üçün Azərbaycanın milli dəyərlərini, tarixini, adət-ənənələrini düzgün şəkildə təmsil etməyin yollarını öyrənmək üçün bu proqrama qoşuldum. Gələcəkdə bu təcrübənin iş həyatımda da mənə kömək olacağına inanıram.
Hələ proqrama başlamazdan əvvəl - qeydiyyat ərəfəsində təşkil olunan tədbirdə bizə diasporun nə olduğu, hansı işlər görməsi, xaricdə Azərbaycanın təmsili, təbliğatı, xaricdə yaşayan soydaşlarımızın problemlərinin necə həll olunması və.s mövzularda məlumat verilmişdi. Təlimdə olduğumuz müddətdə Azərbaycan diasporunun fəaliyyəti ilə daha dərindən tanış oluruq.
Hər təlimdə bizdən hər-hansı sualımız və ya problemimiz olub-olmaması soruşulur. Təlim zamanı və ya təlimdən sonra suallarımızı veririk, qaranlıq qalan məqam varsa, izah olunur.
Xaricdə yaşayan soydaşlarımıza gəldikdə isə düşünürəm ki, Vətəndən uzaqda savadı, mədəniyyəti, dünyagörüşü ilə Azərbaycan vətəndaşının humanist, qonaqpərvər və s. müsbət keyfiyyətlərə sahib millət olmasını layiqincə göstərən kifayət qədər həmyerlilərimiz var.
Əlavə olaraq, mən istərdim ki, hər bir Azərbaycan gənci onun inkişafına kömək edən könüllülük, təcrübə proqramlarına, müxtəlif mövzularda seminarlara qoşulsunlar. Ən azından dünyagörüşü, sosiallaşma və həyat təcrübəsi əldə edə bilərlər.
Aişə Umarova: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasının III kursunda təhsil alıram.
Düşünürəm ki, diaspor fəaliyyəti hər bir azərbaycanlını maraqlandıran məsələ olmalıdır və müasir gəncliyimizin bu sahədə məlumatlanmağa ehtiyacı var. Buna görə də “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmağa dəyər.
Bu müddət ərzində Komitənin əməkdaşları ayrı-ayrı şöbələr üzrə bizə öz fəaliyyətləri haqqında məlumat veriblər. Diaspor anlayışı, digər ölkələrlə əlaqələr, könüllülük fəaliyyəti və s. bu kimi mövzularda diskussiyalar keçirilib. Komitədə könüllülərə münasibət doğmadır, özümüzü çox rahat hiss edirik. Komitə əməkdaşları hər zaman fəaliyyətimiz üçün sərbəst mühit yaratmağa çalışırlar.
Aludə Murtuzayeva: Diaspor fəaliyyəti haqqında geniş məlumata sahib olmaq və kargüzarlıq sənəti ilə tanışlıq, həmçinin, ixtisasımıza uyğun sahə olması bizi “Azərbaycan Diaspor Könüllüləri” proqramına cəlb etdi. Məqsədimiz Diasporla İş üzrə Dövlət Komitəsinin iş prinsiplərini dərindən öyrənməkdir.
Daxil olan sənədlərin qeydə alınmasını, göndərilməsini, bazaya yazılmasını, sənədin aidiyyəti üzrə imzalanmasını və digər bu kimi işləri öyrənmişik. İlkin təəssüratım belədir ki, diaspor təşkilatlarımız inkişaf etmişdir. Xarici ölkələrdə yaşayan həmvətənlərimiz və diaspor üzvlərimiz ölkəmizi layiqincə təmsil edir, milli-mənəvi dəyərlərimizi geniş şəkildə tanıdaraq, Azərbaycan adını daim diqqət mərkəzində saxlayırlar.
Hümbət Nəcəfov: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İnzibati İdarəetmə" fakültəsinin "Davamlı inkişafın idarə edilməsi" ixtisasi üzrə təhsil alıram, hazırda 3-cü kursda oxuyuram.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, Komitənin əməkdaşı olmasaq da bizə doğma münasibət göstərilir.
Müasir inteqrasiya cəmiyyətində ölkənin inkişafında diaspora fəaliyyətinin rolunu hər zaman önəmli hesab etmişəm və proqramın elan olunduğunu gördükdən sonra mənim də bu işdə kiçik də olsa, əməyimin olmasını istədim və qeydiyyatdan keçdim. Məqsədim xaricdə yaşayan azərbaycanlılar barəsində kifayət qədər məlumatlı olmaq və magistratura dərəcəsi üzrə xaricdə təhsil alarsam, özümün də orada diasporaya dəstək vermək arzusudur.
Mən əsasən, qazanıla biləcək bilik hissəsinə önəm verirəm və bunu artırmaq üçün irəlidə hələ vaxt var. Diaspora fəaliyyətinin özünəməxsus funksiyası haqqında öyrəndiklərimi xüsusilə vurğulaya bilərəm. Daha sonra deyə bilərəm ki, ölkəni tərketmə səbəbindən asılı olmayaraq, hər bir diaspor üzvü Vətənini sevir və onun mədəniyyətinin təbliğinə can atır.
Aynur Nəbiyeva: Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisad məktəbi” fakultəsinin 1-ci kurs tələbəsiyəm. İnkişaf etməyi sevən bir gənc olaraq "Azərbaycan Diaspor Könüllüləri" proqramına qoşulmuşam.
Düşünürəm ki, belə bir imkanın yaradılması biz gənclər üçün böyük bir şansdır. İlkin təəssüratlarım çox yaxşı oldu. Burda bizə Dövlət Komitəsinin strukturu, müxtəlif şöbələr haqqında məlumatlar verildi və “nə yaxşı ki, bu proqrama müraciət etmişəm" deyirəm.
İlk olaraq müxtəlif şöbələrlə tanış olduq, oradakı iş mühiti, görülən işlər barədə məlumatlar aldıq, həm də gənclər də özlərinə maraqlı olan sualları rahatlıqla öz işinin peşakarı olan şəxslərə ünvanlayıb cavab ala bilirlər.
Burada olduğumuz müddətdə aydın oldu ki, dünyanın müxtəlif bölgələrində azərbaycanlılar yaşayır və onların bir-birini tanıması, əməkdaşlıq etməsi və köməyinə çatması çox yaxşı bir şeydir.
Əsmər Göyüşova: Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini bitimişəm. Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Magistratura pilləsində təhsilimi davam etdirmişəm. Hazırda Tarix İnstitutunun doktorantıyam və eyni zamanda, “Azərbaycanın Qədim Tarixi” şöbəsində işləyirəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmağımdan çox məmnunam. Proqramın ilk günü hər bir departamentin aparıcı şəxsləri, onların fəaliyyəti ilə tanış olduq. Bir daha mənə aydın oldu ki, bu adamlar həqiqətən, birbaşa Vətənə, Azərbaycançılıq ideyalarına xidmət edirlər. Düşünürəm ki, “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, diaspora fəaliyyəti ilə bağlı lazımlı məlumatları öyrənə və xaricdə yaşayarkən Azərbaycan diaspor cəmiyyətlərinə dəstək ola bilərəm.
Könüllülük fəaliyyətimdən öncə Azərbaycan diasporu, Vətəndən kənarda yaşayan soydaşlarımız haqqında məlumatım az idi. Ancaq indi Komitənin bir parçası olaraq, onların hər bir fəaliyyətini Diaspor TV, Diaspor.fm vasitəsilə yaxından izləyirəm və qürur hissi keçirirəm. Biz gənclər üçün bu imkanı yaratdığı üçün Komitə rəhbərliyinə minnətdarlığımı bildirirəm və gələcək layihələrində uğurlar arzulayıram.
Fərəc Fərəcov: 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 3-cu kurs tələbəsiyəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına məni cəlb edən soydaşlarımızın Azərbaycandan uzaqda öz milli dəyərlərimizi necə qoruyub saxlaya bilməsidir. Məqsədim Azərbaycanın gələcəyi üçün layihələr hazırlamaq və diaspor vasitəsi ilə Azərbaycanın səsini dünyaya çatdırmaqdır.
Bu müddət ərzində biz Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından tanış olduq, xaricdə yaşayan azərbaycanlıların vəziyyəti ilə məlumatlandırıldıq. Azərbaycan diasporunun genişmiqyaslı fəaliyyəti ilə tanış olduq. Öyrəndik ki, xaricdə yaşayan soydaşlarımız arasında çox məşhur və tanınmış insanlar var. Onlar da öz növbəsində, xaricdə Azərbaycanı təmsil edirlər və bu da qürurverici bir hissdir.
Çox istərdim ki, Azərbaycanda başqa dövlət qurumları da Diasporla iş üzrə Dövlət Komitəsi kimi gənclərlə müntəzəm olaraq çalışsınlar.
Həmidə Cəfərova: Könüllülərlə iş planlı şəkildə aparılır. Həftənin müəyyən günləri təlimlər keçirilir. Məsələn, bizim qrup “Diaspor Könüllüləri 3” (DK 3) qrupudur. Həftənin çərşənbə günləri saat 14:00-dan 18:00-dək Komitədə oluruq və zəruri hal yaranarsa, Komitənin iştirakçısı olduğu tədbirlərə qatılırıq. Bu vaxta qədər iki tədbirdə - mayın 10-u Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş tədbirdə və mayın 25-i “Vətən uzaqda deyil” adlı konsertdə iştirak etmişik. Komitə əməkdaşlarına işlərində uğurlar arzulayıram. “Azərbaycan Diaspor Könüllüləri” layihəsinin davamlı olmasını və gənclərimizin bu istiqamətdə məşğulluğunun artırılmasını diləyirəm. Gələcəkdə könüllülər proqramının yalnız Azərbaycan ərazisində yaşayan gənclərlə məhdudlaşmamasını, bu proqrama xarici ölkələrdəki gənc soydaşlarımızın da cəlb edilməsini təklif edərdim.
Tural Rzazadə: “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, artlq bir aya yaxındır ki, təcrübə toplayıram. Bu bir ay ərzində bir neçə görüşümüz olub və bir slra tədbirə qatılmışıq. Komitənin könüllüsü olmaq üçün qeydiyyatdan keçməyimə heç də peşman deyirəm.
Xaricdə təhsil almışam, ona görə Azərbaycanın hüdüdlarından kənarda yaşayan çoxlusayda azərbaycanlı dostlarım var. Diaspora Komitəsi bilavasitə xaricdə yaşayan azərbaycanlılar ilə sıx əməkdaşlıq etdiyi üçün bu proqrama qatılmaq istədim. Məqsədim komitənin faliyyət istiqamətləri ilə daha da yaxından tanış olmaq, yeni biliklər əldə etməkdir.
Azərbaycan diasporu, xaricdə yaşayan soydaşlarımız bizi çox yüksək səviyyədə təmsil edirlər. Bəziləri ilə hətta görüşlərimiz olub. 28 May – Respublika Gününün 101-ci ildönümünə həsr edilmiş “Vətən uzaqda deyil” adlı konsert zamanı biz İslam Manafov, Turan Manafzadə, Abuzər Manafzadə və s. görüşdük.
Şəms Quliyeva: “Azərbaycan Diaspor Könüllüləri” proqramına sosial şəbəkədə əldə etdiyim məlumat sayəsində qoşuldum. Məqsədim isə təcrübə qazanmaq və onu genişləndirməkdir. Bu müddət ərzində Komitəyə daxil olmuş məktubların icra edilməsini, xidməti məlumatların hazırlanmasını, hesabatların yazılma qaydalarını öyrənmişəm və şöbəni əhatə edən regionlar haqqında ətraflı məlumatlar əldə etmişəm.
Azərbaycan diasporu, xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasında öz resurslarından istifadə edərək, Komitənin mənəvi dəstəyindən yararlanaraq müəyyən tədbirlər həyata keçirirlər. Həmçinin, xaricdə yaşayan həmyerlilərimizin, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasında, onların hüquqlarının müdafiəsində də Dövlət Komitəsi yaxından iştirak edir.
Mina Ələsgərova: 2000-ci il martın 30-da Bakı şəhərində anadan olmuşam. Bakı şəhər Texniki-Humanitar liseyin məzunuyam və hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” fakültəsinin III kurs tələbəsiyəm.
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə əvvəlcədən az da olsa, məlumatım var idi. Proqrama qoşulduqdan sonra isə komitənin bizlərə sözün əsl mənasında ailə doğmalığı yaşatdığını hiss etdim. “Azərbaycan Diaspor Könüllüləri” proqramı, sözün əsl mənasında, biz gənclər üçün bütün imkanları yaradıb. Biz komitənin fəaliyyəti ilə yaxından tanış olur, müvafiq struktur orqanların rəhbərləri ilə görüşüb bütün lazımlı məsləhətləri alırıq.
Əsas məqsədim digər ölkələrdə yaşayan həmyerlilərimizlə əlaqələr yaratmaq, müxtəlif layihələr həyata keçirmək və ən əsası, Azərbaycan gəncinin gücünü bütün dünyaya çatdırmaqdır.
Könüllülər üçün müəyyən bir iş rejimi müəyyən edilib və onlar qruplara bölünüblər. (Məsələn,mən “DK4” qrupunun könüllüsüyəm). Bu qruplar həftədə 1 gün gəlir və gün ərzində müxtəlif təlimlərdə və görüşlərdə iştirak edirlər. Komitə kollektivinin bizə göstərdiyi diqqət və qayğı hamımızın ürəyincədir. Odur ki, ayrılan gündən əlavə gəlməyimiz üçün şərait yaradılıb.
Azərbaycanın Diaspor tarixinin bir parçası olmaq həqiqətən qürurvericidir. Vətənimizin sərhədlərindən kənarda milli dövlətçiliyi, milli-mədəni irsi, vətənpərvərliyi təbliğ etmək və diasporun fəaliyyətinə dəstək olmaq ən böyük arzularımdandır. Təhsilimin master pilləsini xaricdə davam etdirməyi planlaşdırıram və həmin günlərdə hətta Diaspor könüllüsü olmasam belə, yenə də bu ailənin parçası olaraq fəaliyyətimə davam edəcək, dünya azərbaycanlılarının birliyi və bərabərliyi üçün çalışacam.
Xumar Orucova: Düşünürəm ki, “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, əldə etdiyim təcrübə gələcək fəaliyyətimdə mühüm rol oynayacaq.
Proqrama qoşulmaqda əsas məqsədim potensialımı müəyyən bir sahədə üzə çıxarmaq və bu sahədə irəliləməkdir. İlkin olaraq, şöbəni əhatə edən regionlar haqqında ətraflı məlumatlar şöbə rəhbərliyi vasitəsilə bizə çatdırılıb. Könüllülük müddətində isə Dövlət Komitəsinə daxil olan məktubların icra edilməsini, xidməti məlumatların hazırlanmasını, hesabatların yazılma qaydasını öyrənmişəm.
Diaspor Komitəsi milli-mənəvi dəyərlərimizin qorunmasında və dünya ictimaiyyəti səviyyəsində təbliğ edilməsində mühüm rol oynayır.
Layihənin ərsəyə gəlməsində əziyyəti keçən Dövlət Komitəsinin rəhbərliyinə və hər bir əməkdaşına dərin təşəkkürümü bildirirəm. Əminəm ki, layihə çərçivəsində əldə etdiyim təcrübələr gələcək fəaliyyətimdə öz müsbət təsirini göstərəcəkdir.
Sona Quliyeva: III kurs tələbəsiyəm, Bakı Dövlət Universiteti “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsində Politologiya ixtisası üzrə təhsil alıram.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqla, qısa müddət ərzində könüllü olsam da, artıq komitənin bütün şöbələrinin iş prosesi ilə tanış olmuşam. Dünyada gedən qloballaşma, xalqlar arasında surətli inteqrasiya meyllərinin güclənməsi şəraitində Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dünya azərbaycanlılarının birləşdirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ən səmərəli fəaliyyətlə məşğul olan dövlət qurumlarından biridir. Təəssüflər olsun ki, proqrama qoşulmazdan öncə komitənin fəaliyyəti haqqında bu qədər geniş məlumata sahib deyildim. Proqramda iştirak etdiyim üçün özümü şanslı gənclərdən hiss edirəm.
Könüllük fəaliyyəti müddətində öyrəndiyim bilikləri daha da təkmilləşdirərək gələcəkdə bu sahəyə öz töhfələrimi vermək əsas həfəflərimdən başlıcasıdır.
Komitənin fəaliyyəti ilə bağlı müxtəlif mövzularda faydalı təlimlər, simulyasiyalar, hətta komandalararası intellektual yarışlar da keçirilir. Bütün işlərdə aktivlik göstərməyə və bizə təqdim olunan şansdan maksimum faydalanmağa çalışırıq.
Komitə əməkdaşları bizə qarşı səmimidirlər və doğma münasibət göstərirlər.
Xaricdə yaşayan soydaşlarımız deyərdim ki, sözün, əsl mənasında, fərdi diaspor fəaliyyəti ilə məşğuldurlar. Hətta onların çoxu xarici ölkə vətəndaşı olmalarına baxmayaraq, öz ana dillərini, milli dəyərlərlərini hər zaman qorumağa çalışırlar. Xaricdə yaşayan qohumlarımın, dostlarımın da ölkəmizi yaşadıqları yerdə layiqli şəkildə təmsil etməyə çalışdıqlarını hər zaman müşahidə etmişəm. Hazırda Komitə xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə, ölkəmiz haqqında geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır.
İsmayıl Umudlu: Bakı Dövlət Universitetində “Regionşünaslıq” ixtisası üzrə sonuncu kursunda təhsil alıram. Könüllülük proqramının iştirakçısı olduğum üçün özümü şanslı hesab edirəm. Elə ilk gündən bizə göstərilən münasibət, hər mövzuda biz gənclərin rolunun xüsusi olaraq vurğulanması və yaradılan şərait proqrama olan həvəs və istəyimi daha da artırdı. Könüllülük proqramının kariyerasını sırf bu istiqamətdə qurmaq istəyən gənclər üçün əla fürsət olduğunu düşünürəm. Sadəcə nəzəri deyil, qazandığımız təcrübi biliklər, bu sahə ilə birbaşa əlaqəli olan şəxslərdən öyrənəcəyimiz faydalı məlumatlar bizdə müəyyən bir baza formalaşdıracaq və özümüzə inamı artıracaq. Komitə əməkdaşı olmasaq da, buradakı şəxslərin bizim hər cür rahatlığımızı təmin etmələri, fikirlərimizə xüsusi önəm verib nəzərə almaları və ən əsası yaratdıqları doğma mühit özümüzü ev sahibi kimi hiss etdirir. Çox qısa müddət olsa da, artıq xaricdə yaşayan həmyerlilərimizlə tanışlıq fürsətimiz də olub. Milli mədəniyyətimizin sərhədlərimizdən kənarda təbliğ edilməsi və bu işdə Azərbaycan diasporunun rolu məndə qürur və sevinc hissləri yaratdı.
Ümumiyyətlə, müasir dövrün tələblərini nəzərə alsaq, Azərbaycan gəncliyinin ictimai-siyasi və mədəni həyatda fəal iştirak etməsi olduqca önəmlidir. Bu səbəbdən biz sərhədlərimizdən kənarda yaşayan gənclərimizlə birləşib, fikir və informasiya mübadilələri aparıb, ölkəmizin gələcəyi üçün potensialımızı ortaya qoymalıyıq.
Beləliklə, “Azərbaycan Diaspor Könüllüləri” proqramında təmsil olunan, müxtəlif ixtisaslı gənclərin təəssüratları bu nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan gəncliyi dövlətimizin və dövlətçiliyimizin birgə addımlayır, harada yaşamasından asılı olmayaraq, soydaşlarımızın qəlbi Vətənlə döyünür. Dövlətimizin gənclərə qayğısı cavabsız qalmır. Azərbaycan gənclərinə dövlət qayğısının bir nümunəsi olan “Azərbaycan Diaspor Könüllüləri” proqramından əldə edilən nəticə və təəssürat bunu deməyə əsas verir.