Yunus Əmrə adına İnstitutun Ukrayna nümayəndəliyinin direktoru Əndər Qorxmaz Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxananın qonağı olub.
Ölkənin ictimai xadimi Marina Qonçarukun təşkil etdiyi görüş zamanı kitabxananın müdiri Qalina Çebotaryova qonağa rəhbərlik etdiyi qurumun tarixi, kollektivin fəaliyyəti və Azərbaycan ədəbiyyatının tanıdılması ilə bağlı planlardan danışıb. O, kitabxanaya göstərilən yardım üçün Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə və “EkoAvrasiya” türk assosiasiyasına minnətdarlığını bildirib.
M.Qonçaruk bildirib ki, S.Vurğun adına kitabxananın çoxsaylı türk xalqları üçün meydana çevrilməsi olduqca vacibdir: “Bu, Azərbaycan mədəniyyətini daha geniş şəkildə, türk formatında populyarlaşdırmağa imkan yaradacaq. Biz artıq Ukraynadakı türk dövlətlərinin səfirliklərini kitabxana ilə əməkdaşlığa cəlb etmişik. Ölkələrimizin və xalqlarımızın rifahı naminə türk dövlət strukturları ilə əməkdaşlığı inkişaf etdirməyimizə çox şad olardıq”.
Daha sonra tərəflər Ukraynada türk layihələri çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sonda kitabxanaya türk ədəbiyyatı, qonağa isə “Qarabağ” kitabı hədiyyə edilib.