İsveçrənin Milli Qaçqınlar Günü çərçivəsində Bern şəhərində Azərbaycandakı qaçqın və məcburi köçkünlərə həsr edilmiş tədbir keçirilib.
Bu ictimai məlumatlandırma kampaniyasının məqsədi İsveçrə cəmiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək olub. Qeyd edilməlidir ki, bu kampaniya İsveçrə ictimaiyyətinin diqqətini Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yönəltmək üçün Azərbaycanın İsveçrədəki səfirliyinin diaspora ilə birgə planlaşdırdığı silsilə tədbirlərdən biridir.
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin layihəsi bu ölkənin Qacqınlara Dəstək üzrə Dövlət Komitəsinin maddi dəstəyilə baş tutub. Yerli sakinlərə Azərbaycan həqiqətlərindən bəhs etmək məqsədilə keçirilən tədbirdə İsveçrədəki “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri və yerli məktəblilər iştirak ediblər. Onlar Azərbaycandakı qaçqın uşaqların həyat hekayələrini təsvir edən 40-dan çox rəsm əsəri çəkiblər. Qarabağlı qaçqın qadının 8 yaşında olarkən başına gələnlərdən alman dilində bəhs edən 500 kitabça, üzərində “Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün” yazılan şarlar yerli sakinlərə və uşaqlara paylanıb.
Qarabağda soydaşlarımızın başına gətirilən dəhşətli hadisələr haqqında ətraflı məlumat alan bernlilər öz uşaqlarının bu tədbirə qatılmasının vacib olduğunu bildiriblər.