Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb. “Türkiyə-Azərbaycan” jurnalının ilk sayında hər iki ölkə üçün maraqlı olan diplomatiyadan mədəniyyətə, idmandan iqtisadiyyata geniş bir sahədə vacib xəbərlər əhatə olunmaqla yanaşı, bir sıra şəxslərin məqalələri və müsahibələri də dərc olunub. Jurnal Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə çap olunub.
Türkiyə və Azərbaycanın birgə səsi olan jurnalın ilk nömrəsi bir sıra tanınmış dövlət və ictimaiyyət nümayəndələrinə təqdim edilib.
Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Kasapoğlu jurnalın ilk buraxılışını diqqətlə nəzərdən keçirib və “Türkiyə Azərbaycan” jurnalının iki ölkəyə də xeyirli olmasını arzulayıb. Növbəti nömrədə özünün də məqaləsinin yer alması təklifinə müsbət yanaşıb.
Türkiyə Respulikasının Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq da “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsini böyük həvəs və maraqla qarşılayıb, jurnalın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev də jurnalın fəaliyyətini son dərəcə yüksək dəyərləndirib və sərf edilən əməyin çox qiymətli olduğunu qeyd edib.
Türkiyədə təhsil alan xarici tələbələr və fəaliyyət göstərən diplomatlar da jurnalı maraqla qarşılayaraq, gələcək fəaliyyəti ilə bağlı xoş arzular bildiriblər.
Jurnalın ilk nömrəsi Türkiyə, Azərbaycan və beynəlxalq təşkilatların yüksək səlahiyyətli nümayəndələrinin müsbət rəylər ilə nəşr olunub.
Jurnal Türkiyə və Azərbaycanda, eləcə də hər iki ölkənin diasporunun olduğu digər ölkələrdə pulsuz paylanacaq.