Son illər xaricdə yaşayan azərbaycanlılar üçün açılan məktəblərin sayı artmaqdadır. Xüsusilə, “Qarabağ” adı ilə yeni məktəblərin açılmasını və onların fəaliyyətini yerli ictimaiyyət, eləcə də xaricdə yaşayan azərbaycanlılar maraqla qarşılayır. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Fransanın Nant şəhərində “Qarabağ” Azərbaycan məktəbinin açılmasını da Azərbaycan ictimaiyyəti böyük maraq və minnətdarlıqla qarşılayıb.
Bakı şəhəri Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 4 nömrəli məktəbin kollektivi də məsələyə böyük həssaslıqla yanaşaraq xaricdəki Azərbaycan məktəblərinə kitab hədiyyə etmək qərarına gəlib. Məktəbin bir qrup müəllim və şagirdi tanınmış Azərbaycan şairi Əli Tudənin seçilmiş əsərlərinin toplandığı 500 kitabı bu gün Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edib.
Məktəbin direktoru Elnurə Cavadzadə Diaspor TV və Diaspor FM-ə verdiyi müsahibədə bildirib ki, “Biz Mehriban xanım Əliyevanın, bütövlükdə Heydər Əliyev Fondunun təhsillə bağlı bütün layihələrini böyük maraqla izləyirik. Fransanın Nant şəhərində “Qarabağ” məktəbinin açılmasını sevinclə qarşılayan kollektivimiz xaricdəki soydaşlarımızı sevindirmək və məktəblərin kitabxanasını zəngilnləşdirmək qərarına gəldi. Bu bizim vətəndaşlıq borcumuzdur”.
Kitablar yaxın vaxtlarda xaricdəki Azərbaycan məktəblərinə göndəriləcək.