Söhbət Roman Əliyevin direktoru olduğu Riqa Klassik Gimnaziyasından gedir. 2018-2019-cu dərs ili üçün Latviyanın ən yaxşı məktəbləri arasında birinci yeri Dauqavpils Rus Orta Məktəbi, ikinci yeri Riqa Klassik Gimnaziyası, üçüncü yeri isə Riqa Fransız Liseyi tutub.
Bu reytinq məktəblilərin dövlət və beynəlxalq olimpiadalardakı nəticələrinə, elmi konfranslardakı iştiraklarına əsasən tərtib olunub.
Riqa Klassik Gimnaziyası 20 ildən çoxdur ki, ölkənin ən nüfuzlu təhsil ocaqlarından biri hesab olunur. Gimnaziya UNESCO-nun təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Məktəblər Assosiasiyasının üzvü seçilib.
Qeyd edək ki, 1963-cu il oktyabrın 11-də Riqada anadan olan Roman Əliyev “Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin, eləcə də Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının sədridir.
Həmyerlimizin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu, diasporumuzun inkişafı sahəsindəki xidmətləri həm Latviyada, həm də Azərbaycanda yüksək qiymətləndirilir. 2011-ci il iyulun 4-də Prezident İlham Əliyevin sərəncamı ilə R.Əliyev "Tərəqqi" medalı ilə təltif olunub.