Riqada Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis konfransı keçirilib.
Konfransda Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Baltikyanı ölkələrdə yaşayan 100-ə yaxın soydaşımız və diaspor rəhbərləri iştirak edib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin diaspor siyasətinin uğurlu nəticələri, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və vahid ideya ətrafında birləşməsinin əhəmiyyətindən danışıblar.
Komitə sədri bildirib ki, “biz müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuralarının toplantılarına dəvət alırıq və imkanlarımız daxilində çalışırıq ki, bu cür tədbirlərdə iştirak edək. Bugünkü təsis yığıncağı da Latviya, Litva və Estoniyadakı diaspor təşkilatlarını əhatə edir”.
Diaspor rəhbərləri və soydaşlarımız çıxış edərək Baltikyanı ölkələrdə mövcud olan diaspor təşkilatlarının fəaliyyəti və yeni yaradılan Koordinasiya Şurasının işinin səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər Azərbaycanın diaspor siyasətini dəstəklədiklərini bir daha diqqətə çatdırıblar.
Toplantıda maraqlı və geniş fikir mübadiləsi aparılıb.
Sonda Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib və Şuranın fəaliyyət prinsipləri müəyyən edilib.