İyunun 13-də Kazan İcraiyyə Komitəsində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti və Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (AMMM) rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və eksperti Teymur Atayev, AMMM-in sədri Bəşir Bəşirov, Kazan İcraiyyə Komitəsinin ictimai təşkilatlarla qarşılıqlı anlaşma və dillərin inkişafı üzrə şöbəsinin rəisi İlnur Şakirov iştirak ediblər.
Komitə nümayəndələri Kazandakı azərbaycanlı icmanın dəstəklənməsi, xalqımızın dilinin, ənənələrinin, mədəniyyətinin qorunub saxlanması baxımından soydaşlarımıza yaradılan şəraitə görə paytaxt rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar azərbaycanlıların yerli cəmiyyətə uğurla inteqrasiyasından, Vətən kimi yanaşdıqları Tatarıstanın inkişafı və çiçəklənməsi naminə çalışmağa hazır olduqlarından məmnunluqlarını ifadə ediblər.
İ.Şakirov qonaqların fikirlərilə razılaşaraq bildirib ki, hakimiyyət və sadə insanlar Azərbaycandan gəlmələrlə yerli əhali arasında fərq qoymurlar. Əvvəlki görüşlərdə də qaldırılmış mövzuları xatırladan şəhər rəhbərliyi bildirib ki, azərbaycanlı icmanın irəli sürdüyü müxtəlif layihələri dəstəkləməyə hazırdırlar.
Qeyd edilib ki, müştərək layihələrin gerçəkləşdirilməsi həm iki xalqın mədəni yaxınlığına, qarışıq talelər baxımından tarixi irsə, həm də iri sosial qruplara yardım edir. Azərbaycanlı icmanın rəhbərliyinin öz ətrafına böyük işlər həyata keçirməyə qadir gənclərdən, təşəbbüskar və istedadlı soydaşlarından ibarət komanda toplamağa nail olduğu xüsusi vurğulanıb.