İyunun 12-də Kazandakı Xalqlar Dostluğu Evində (XDE) Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Tatarıstan Azərbaycanlılarının Milli-Mədəni Müxtariyyətinin (AMMM) gənclər qanadının fəalları ilə görüşüblər.
Görüş zamanı qeyd edilib ki, həm Rusiya vətəndaşları olan Tatarıstan azərbaycanlıları, həm də Azərbaycandan olan tələbələr, eləcə də müxtəlif peşələrin təmsilçiləri bu respublikanın xalqlarının çoxmillətli ailəsinin ayrılmaz tərkib hissəsidir. Komitə nümayəndələri xatırladıblar ki, cəmiyyətin ən fəal və ən pozitiv hissəsi kimi gənclər Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı münasibətlərin yaradılması üçün körpü rolunu oynamalıdırlar.
Tədbirdə Tatarıstanın azərbaycanlı gənclərini narahat edən məsələlər nəzərdən keçirilib, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində müxtəlif layihələrin gerçəkləşməsi barədə fikir mübadiləsi aparılıb. Komitə nümayəndələri gənclərə bu istiqamətdə fəallıq göstərməyi tövsiyə ediblər.
Daha sonra qonaqlar Rusiya Günü ilə əlaqədar bayram tədbirlərinə qatılıblar. Qeyd edək ki, bu tədbirlərin təşkilində AMMM-in gənclər qanadı xüsusi fəallıq nümayiş etdirib.