Almaniyanın Leverkuzen şəhərində Davidstern yəhudi icmasının təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri açan Davidstern təşkilatının rəhbəri Lev İsmixanov Xocalı soyqırımını Liditse faciəsi ilə müqayisə edib: “Liditse qətliamı 1942-ci ildə nasistlərin törətdiyi cinayətdir. Bundan düz 50 il sonra alman nasistlərinin yolunu davam etdirənlər Xocalı soyqırımını törətdi. Burada da etnik zəmində qocalar, qadınlar və südəmər körpələr qətlə yetirildi. Mənim vəziyyətimdə iki məqam birləşir – yəhudi olaraq Holokostun xatirəsini və Azərbaycandan olan biri kimi 90-cı illərin cinayətlərinin ağrısını daşıyıram".
ADDF-nin icraçı direktoru Elşad Əliyev qeyd edib ki, azərbaycanlıların qətliamı Ermənistan rəhbərliyinin düşünülmüş siyasəti idi. E.Əliyev buna sübut olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın amerikalı jurnalist Tomas de Vaala müsahibəsini xatırladıb: “Orada Sarkisyan deyir ki, Xocalıyadək azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdü – biz dinc əhaliyə əl qaldırmayacağıq. Biz bu stereotipi sındırdıq”. E.Əliyev iştirakçıları bölgədə baş verənlərlə yaxından tanış olmağa və onu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çağırıb. Sonda Fondun rəhbəri tədbirin təşkilinə görə yəhudi icmasına təşəkkürünü bildirib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Qurban Ələkbərov da Azərbaycan həqiqətlərinin dünya, xüsusilə də alman ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini qeyd edib: “Ətraf aləmin ermənilərin yalan təbliğat maşınına əsaslanmış mifdən azad olması bizim üçün çox vacibdir. Hər kəs anlamalıdır ki, Azərbaycan təcavüzün qurbanıdır”. O, Bundestaqın 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməsini misal çəkərək ictimaiyyətin birtərəfli informasiyalara istinad etməsini təəssüflə bildirib.
Karl Bekker dini və siyasi araşdırmalar institutunun nümayəndəsi Mövsün Hacıyev bölgədəki həqiqətlərin qərbə çatdırılmasında subyektiv reallıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, ilk növbədə ifrat sağçıların və islamofobların artımı ilə bağlıdır: “Biz müxtəlif platformalarda ünsiyyət zamanı Xocalı haqqında məlumat veririk. Amma burada problem başlayır – Azərbaycan müsəlman ölkəsidir, Ermənistan qədim xristian dövləti”.
Tədbirin iştirakçıları erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən bannerlərlə tanış olub. Onlara Xocalı faciəsindən bəhs edən poster və albomlar paylanılıb.
Sonra tədbirdə iştirak edən alman siyasətçilərlə Azərbaycan nümayəndə heyəti arasında müzakirələr aparılıb. Xüsusilə Leverkuzen şəhərinin bələdiyyə başçısı, Sosial Demokrat Partiyasının nümayəndəsi Uve Rixarts və Xristian Demokrat Partiyasından Bundestaqın deputatı olan Rudeqer Şolts Diaspora Dəstək Fondunun rəhbəri Elşad Əliyevə bölgədəki hadisələrlə bağlı suallar ünvanlayıblar və etiraf ediblər ki, onlar indiyədək bu faktlar barədə eşitməyiblər.