İyunun 5-də Kiyevin Taras Şevçenko adına parkında Ramazan bayramı münasibətilə “KyivEastFest” festivalı keçirilib. Tədbir İslam mədəniyyət mərkəzinin, Kiyev şəhər dövlət administrasiyasının, Yunus Əmrə İnstitutunun təşkilatçılığı və “EkoAvrasiya” Türk Avrasiya İqtisadi Münasi-bətlər Assosiasiyasının tərəfdaşlığı ilə təşkil edilib.
Ramazan bayramına həsr olunmuş tədbirin əsas məqsədi şəhər sakinlərini və qonaqları Şərq xalqlarının mədəniyyəti ilə yaxından tanış etmək, müxtəlif xalqlar və mədəniyyətlər arasında tolerantlı¬ğın və qarşılıqlı anlaşmanın yaranmasına kömək etməkdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Ukrayna-Türk layihələrinin rəhbəri Marina Qonçaruk tərəfindən təşkil edilmiş guşədə milli-mədəniyyətimiz, mətbəx və sənət nümunələrimiz nümayiş olunub, Azərbaycanın tanınmış yazıçısı Afaq Məsudun “Свобода” (“Azadlıq”) adlı kitabı, rəssam Əsgər Cavadovun əsərləri təqdim edilib.
Azərbaycan guşəsini Avropa Elmlər, İncəsənət və Ədəbiyyat Akademiyasının ədəbiyyat məsələləri üzrə beynəlxalq katibi Dmitri Çistyak, Yunus Əmrə İnstitutunun Kiyevdəki ofisinin başçısı Ender Qorxmaz, “EkoAvrasiya”nın rəhbərliyi, Səməd Vurğun adına kitabxananın müdiri Qalina Çebotaryova, Kiyev şəhər dövlət administrasiyasının mədəniyyət departamentinin müdiri Diana Popova, “UMMA” Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmayılov və başqaları ziyarət ediblər.
Ukraynanın xalq artisti Qurban Abbasov, müğənni Natalya Kudryaşova, Nicat Mirzəyevin rəhbərlik etdiyi “Qafqaz” ansamblı öz ifaları ilə qonaqlara unudulmaz anlar bəxş ediblər.
Bu ölkədə milli mətbəx nümunələrimizin təqdim olunduğu başqa bir festival isə Xarkovda keçirilib.
FoodFestGastroman 2019" adı altında keçirilən tədbirdə bu şəhərdəki milli-mədəni birliklər iştirak ediblər. Festivalın məqsədi müxtəlif xalqların mədəniyyəti və milli məxbəxi ilə tanışlıq, xalqlar arasında inteqrasiyanın gücləndirilməsi olub. Tədbirdə ölkəmizi “Dostluq” Azərbaycan tədris-mədəniyyət mərkəzi və “Azərbaycan Mirvariləri” rəqs kollektivi təmsil edib. Azərbaycan çayı, milli rəqslərimiz və təamlarımızın nümayiş olunduğu tədbirdə, fəal iştirakına görə, “Dostluq” Azərbaycan tədris-mədəniyyət mərkəzi diplomla təltif olunub.