İsveçin Azərbaycanlılar Konqresi bu ölkənin Lund Universitetinin müəllimi Svante Lundqrenin separatçı rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməsinə etirazını bildirib.
Lund Universitetinin rəhbərliyinə göndərilən məktubda qeyd edilib ki, S.Lundqren bu ilin aprel ayında qeyri-qanuni olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edib və separatçı rejimə dəstək olduğunu bildirib. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Universitet rəhbərliyindən öz əməkdaşının hərəkətinə aydınlıq gətirilməsi tələb olunub.
Lund Universitetinin humanitar araşdırmalar və teologiya fakultəsinin dekanı Yohannes Persson cavab məktubunda bildirib ki, təhsil ocağı həmkarlarının səfər etməsinə görə heç bir məsuliyyət daşımır. Çünki o, İsveç vətəndaşı olaraq bu addımı atıb.
İsveçin Azərbaycanlılar Konqresi isə bu cavabla razılaşmayıb. Konqresin sədri Emil Mirzəyev bildirib ki, isveçli alım Dağlıq Qarabağda özünü Lund Universitetinin əməkdaşı kimi təqdim edərək separatçı rejimə dəstək verib. Səfərdən qayıtdıqdan sonra isə o, bu hərəkətini təkrarlayıb. Lund Universitetinin azərbaycanlı tələbələri Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri deməyə cəhd edərkən, Lundqen bəyan edib ki, separatçı rejimi tam dəstəkləyir.
Konqres bu məsələni diqqət mərkəzində saxlamaq niyyətindədir.