“Azərbaycan diaspor könüllüləri” proqramına müraciət edən gənclər hissə-hissə Diasporla İş üzrə Dövlət Komitəsinə (DK) dəvət olunaraq təlimlərə cəlb edilir. Dövlət Komitəsinin müvafiq struktur rəhbərləri və əməkdaşları tərəfindən diaspor könüllüləri ilə keçirilən görüşlərdə DK-nın ümumi fəaliyyəti, o cümlədən struktur bölmələrin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə geniş məlumat verilib. Qarşılıqlı diskussiya şəklində keçən görüşlərdə gənclər fəallıq nümayiş etdirib və onları maraqlandıran suallar cavablandırılıb. DK-nin fəaliyyəti ilə ümumi tanışlıq mərhələsindən sonra, iyun ayının ilk həftəsindən başlayaraq, diaspor könüllüləri, əvvəlcədən müəyyən edilmiş konkret mövzular üzrə, təlimlərə cəlb ediləcəkdir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama start verib. Komitə rəhbərliyinin müvafiq əmri ilə, Komitənin əməkdaşı Bəxtiyar Rəhimov könüllülərlə iş üzrə məsul şəxs təyin olunub və proqramda iştirak üçün müraciət etmiş gənclərlə intensiv işlər aparılır.