28 May – Respublika Günü ərəfəsində finlandiyalı soydaşlarımız Helsinkinin müsəlman məzarlığındakı Qacarlar nəslinin nümayəndəsi olan general-mayor Əkbər Mirzə Qacarın qəbrini ziyarət ediblər.
Azərbaycanlı generalın məzarının ziyarəti Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində həyata keçirilib. Məqsəd – Avropa ölkələrində yaşayan yeni nəsil azərbaycanlılara tariximizin düzgün çatdırılmasıdır. Avropa Azərbaycanlıları Konqresinin Finlandiya təmsilçisi olan Finlandiya Azərbaycanlıları Assosiasiyasının (sədr – Vasif Muradlı) Azərbaycanlı Qadınlar Cəmiyyətinin (sədr – Arzu Oqtay) və Finlandiya Azərbaycanlı Gənclər Birliyi Təşkilatının (sədr – Nəzrin Məcidli, sədr müavini – Ayla Zülfi) apardıqları birgə araşdırmalar zamanı Qacarlar haqqında bir çox maraqlı faktlar, o cümlədən bu nəslin nümayəndəsinin Helsinkidə dəfn olunması barədə məlumat əldə edilib.
Arzu Oqtay qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin və Finlandiya Yazıçılar İttifaqının üzvü Tahirə Cəfərovanın Finlandiya Milli Arxivində ölkədə yaşayan həmvətənlərimiz haqqında əldə etdiyi məlumatlar həmin addımın atılmasında cox böyük rol oynayıb. Məhz Tahirə xanım yazdığı essedə Bəhmən Mirzə Qacarın nəvəsi şahzadə, general-mayor Əkbər Mirzə Qacarın 1854-1919 illər ərzində Finlandiyada yaşadığı, xidmət etdiyi və ömrünü burada başa vurduğundan bəhs edilib.
A.Oqtay bildirib ki, bu məlumatın əldə edilməsindən sonra diaspor üzvlərimiz üçün Əkbər Mirzə Qacarın Helsinkinin müsəlman məzarlığındakı səliqəli, boz rəngli qranit daşdan olan qəbrini tapmaq elə də çətin olmayıb: “İki tozağacının altında yerləşən məzarın baş daşında rus dilində yazılmış “Генераль Акперь Мирза Каджар” adı güclə oxunurdu. Məzarlığın əməkdaşları bildiriblər ki, Əkbər Mirzə Qacar dəfn olunan zaman oğlu onun nəşinin gələcəkdə başqa yerə köçürüləcəyini deyibmiş. Lakin sonradan bu, baş verməyib. Artıq Əkbər Mirzə Qacarın bu məzarda uyumasının 100 ili tamam olur”.
İndi Azərbaycan icması generalın məzar daşının dəyişdirilməsi və onun ətrafının abadlaşdırılması məsələsinin həll olunmasına çalışır.
Bundan başqa, diaspor üzvlərimiz həmin məzarlıqda dəfn edilmiş digər soydaşlarımızın qəbirlərinə də rast gəliblər. Hazırda Finlandiyada yaşamış və dəfn olunmuş tarixi şəxsiyyətlərimiz, görkəmli elm xadimlərimiz barədə araşdırmalar davam edir.