Şimali Osetiya Azərbaycan Konqresinin mərkəzi ofisində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə konqresin fəxri prezidenti Şahin Məmmədov, sədri Murtaza Gülməmmədov, Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyev, Gənclər Təşkilatının sədri Zaur Mamedov, mətbuat xidmətinin rəhbəri Elçin Şükür və diaspor üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şahin Məmmədov müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb: "Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdı. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda – XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı. Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi bir dönəmdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni mövcud imkanlar daxilində şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü".
Şahin Məmmədov qeyd edib ki, XX əsrin sonlarında Azərbaycan Dövlət Müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkədə sabitlik, tərəqqi və inkişaf təmin olundu. Prezident İlham Əliyev isə onun layiqli davamçısı kimi Vətənimizin bölgənin lider dövlətinə çevrilməsi üçün bütün zəruri addımları atmaqdadır.
Murtaza Gülməmmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti soydaşlarımızın yaddaşında dövlətçiliyimizin ilk təcrübəsi kimi iz qoyub: "Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Təəssüflər olsun ki, Cümhuriyyət iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Amma istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz dövlət müstəqilliyini elan etdi".