“Güclü dəstəyi olan Bakı futbolda öz yerini möhkəmləndirməyi arzulayır” sərlövhəsi ilə təqdim olunan məqalədə mayın 29-da UEFA Avropa Liqasının Bakıda baş tutacaq final oyunu ilə yanaşı, paytaxtımızda həm də Avro-2020-nin keçiriləçəyindən, SOCAR və UEFA-nın əməkdaşlığından bəhs edilib.
Rusiya, Qətər, Çin və BƏƏ kimi Azərbaycanın da futbol sahəsinə son illərdə çox böyük diqqət ayırdığı vurğulanan yazıda Cenevrə Universitetinin ilk azərbaycanlı elmi əməkdaşı-doktorantı, urbanizm və şəhər planlaşdırılması üzrə ekspert Tural Əliyevin fikirlərinə də yer ayrılıb.
T.Əliyevin fikrincə, Avropa Liqasının finalının Bakıda keçirilməsi azırbaycanlılar üçün qürur mənbəyidir, çünki bu, Azərbaycan və Avropa arasında strateji yaxınlaşmanı möhkəmləndirir.
“Bakı idmanla siyasət arasında əlaqəni əla anlayır. Bu, işıqlandırma vasitəsi və alətidir. Yarışlar zamanı biz dialoq, mədəniyyət, siyasət və urbanizasiya barədə danışa bilirik. Göydələnlərin ucaldılması, emblematik binaların inşa edilməsi, ictimai yerlərin və parkların yaradılması, eləcə də Olimpiya stadionunun tikilməsi özü-özülüyində şəhərin əzəmətinin və gücünün göstəricisidir, onun iqtisadi inkişafının əks olunmasıdır və kapitalın cəlb olunmasına istiqamətlənən aydın informasiyadır”, – deyə o, qeyd edib.
O, bildirib ki, son illər FİFA və UEFA bütün ölkələr üçün imkanlar yaratmaq istəyir: “Bu mənada, Azərbaycan futbolun irəliləməsində Böyük Britaniya və ya İspaniya qədər əhəmiyyətli rol oynaya bilər. Təsəvvür edin, təqribən 30 il öncə Berlin divarının sökülməsi dönəmində bizim ölkə xaos və müharibə ilə qarşılaşmışdı və nəticədə ərazisinin 20%-i işğal olundu... Amma 2005-ci ildən başlayaraq, neft gəlirlərinə görə Azərbaycan öz uğurunun tarixini yazmaq istəyir. Beynəlxalq səviyyəli tədbirlər əldə olunmuş uğurların nümayişi üçün əla fürsətdir. 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçirilərkən mən bunun şahidi olmuşam. Mənim üçün müsəlman və xristian sivilizasiyalarının kəsişdiyi məkanda yerləşən Azərbaycan Avropa və Asiya arasında körpü funksiyalarını özündə birləşdirir”, – deyə Cenevrə Universitetinin elmi əməkdaşı söyləyib.
Qeyd edək ki, “Le Matin Dimanche” jurnalı İsveçrənin ən məhşur mətbuat orqanlarından biridir. Onun oxucularının sayı 500 mindən artıqdır.