Mayın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialında Azərbaycanın Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib.
Rusiya və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə başlanan mərasimdə Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasına həsr olunmuş videomaterial nümayiş olunub.
Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O, bildirib ki, dahi lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində bugünkü müstəqil Azərbaycan dövləti dünya çapında özünə layiqli yer tutub. Bu, Rusiya və Azərbaycan arasında əlaqələrin gələcək quruculuğu üçün əlavə baza yaradır. Hər iki dövlətin liderləri Vladimir Putin və İlham Əliyevin yaxın dostluğu isə xalqlar arasında münasibətlərin inkişafına daha böyük impuls verir.
Dərbənd şəhər administrasiyasının mədəniyyət şöbəsinin nümayəndəsi Gülpəri Mirzəbalayeva təmsil etdiyi qurum adından çıxış edərək bildirib ki, sələflərin bizə qoyub getdiyi irsin qədrini bilmək, mövcud dostluq və qarşılıqlı anlaşma ənənələrini inkişaf etdirmək lazımdır: “Dərbəndin çoxəsrlik tarixi Azərbaycanla dostluq və mehriban qonşuluq çərçivəsində təşəkkül tapıb. Biz həmişə ən çətin anlarımızda bir-birimizə kömək etmiş və dəstək göstərmişik. On illərlə biz eynı ölkədə yaşamışıq və indi sərhədlərin ayırmasına baxmayaraq, biz əvvəlki tək sülh və dostluq şəraitində yaşayırıq və yaşayacağıq”.
Tədbirdə Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, “Dədə Qorqud” fondunun direktoru Rafiq Mövsümov, həmin fondun sədri İbrahim Yusubov, “Dərbənd şəhər” şəhər məclisinin deputatı Polad Nemətullayev, “Dərbənd şəhər” şəhər deputatlar məclisinin sədr köməkçisi Əsədulla Paşayev çıxış ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin və onun filial rəhbərlərinin təbrik müraciətləri oxunub.
Qeyd olunub ki, sərhəd, iqtisadi və ekoloji, xalqların yaxınlığı baxımından Dağıstan Azərbaycanla sıx bağlıdır və öz münasibətlərini ümumrusiya siyasi kursu çərçivəsində inkişaf etdirir. Bizim hamımız üçün bölgələrimizi inkişaf etdirən mehriban qonşuluq və əlaqələr şox vacibdir.
Təntənəli mərasim böyük konsert proqramı ilə başa çatıb.