Rusiyanın Perm vilayətinin Solikamski şəhərində Rusiya-Azərbaycan Gənclərinin I Qarabağ forumu baş tutub. Forum Solikamski şəhər administrasiyasının dəstəyi, Azərbaycan diasporunun və Azərbaycan Diasporu İnformasiya Mətkəzinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Perm vilayətinin və Solikamski şəhərinin rəhbərliyi, şəhər gənclər komitəsinin sədri, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, yerli deputat Peliç Valiter, Perm vilayəti üzrə Azərbaycan Diasporunun sədri Çingiz İsayev, Solikamskidə Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Perm gənclər birliyinin sədri Rəşad Əkbərov, Solikamski Gənclər Birliyinin sədri Gülzar Kazımova, dövlət, ictimai-siyasi xadimlər, gənclər, media quruluşlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili çıxışında Azərbaycan və Rusiya arasında strateji əlaqələrin möhkəmlənməsindən, gənclərlə bağlı aparılan siyasətin çox böyük əhəmiyyət daşımasından danışıb: “Öncə bizə göstərilən dəstəyə və forumun baş tutmasında yardımçı olduqlarına görə Solikamski şəhər rəhbərliyinə, diaspor sədri Uğur Əfəndiyevə və xüsusən Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürümü bildirirəm. Azərbaycan – gənclər ölkəsidir. Ölkəmizin 20% torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan günü-gündən inkişaf edir. Sevindirici haldır ki, Rusiya-Azərbaycan xalqlarının, eləcə də hər iki ölkənin lideri Vladimir Putin və İlham Əliyevin dostluq və qardaşlıq əlaqələri ən yüksək səviyyədədir. Rusiya və Azərbaycan xalqlarına uğurlar arzu edirəm!”
Perm vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev forumun 28 May – Respublika Günü ərəfəsində keçirildiyini xatırladaraq, bu bayram münasibətilə tədbir iştirakşılarını təbrik edib. O, qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil dövlətçilik tarixində şanlı səhifədir.
Solikamskidə Azərbaycan diasporunun rəhbəri Uğur Əfəndiyev hər iki xalqın qardaşlıq-dostluq əlaqələrindən danışıb və bildirib ki, Solikamskidə yaşayan azərbaycanlıları şəhəri öz vətənləri kimi sevirlər.
Perm vilayəti üzrə Azərbaycan diasporunun gənclər birliyinin sədri Rəşad Əkbərov qeyd edib ki, burada ilk dəfə keçirilən forum hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir və informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynayacaq. O, vurğulayıb ki, 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada yaradılan AMOR təşkilatı iki ölkə gənclərinin müxtəlif toplantılarda bir araya gəlməsində, müxtəlif mövzular ətrafında dialoq qurub, fikir mübadiləsi aparmalarında böyük rol oynayır.
Müzakirələrlə davam edən forumda Respublika Gününə həsr olunmuş film nümayiş olunub.