Ankara Sosial Bilimlər Universitetinin Xarici Dillər Kollecində “Könül Coğrafiyası” adlı iftar proqramı təşkil edilib.
Tədbir Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH), Xaricdəki Türklər və Əqrəba İcmalar Baş İdarəsi (YTB) və Ankara Sosial Bilimlər Universitetinin (ASBU) təşkilati dəstəyilə baş tutub.
Tədbirdə ASBU-nin rektoru Prof.Dr. Mehmet Barca, YTB-nin Sədr müavinu Sait Yusuf, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin I katibi Ramil Qurbanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Metin Gündoğdu, TBMM-in millət vəkili Yaşar Karadağ, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı sabiq səfiri Hulusi Kılıç, Ankarada təhsil alan azərbaycanlı gənclər və 20-dən çox ölkənin 250 nəfərdən çox əcnəbi tələbəsi iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən AGAH ictimai birliyinin sədri Təbriz Raufoğlu bildirib ki, dünyanın müxtəlif ölkələrindən gələn əcnəbi tələbələrə Azərbaycanı tanıtmaqdan məmnundurlar. O, vurğulayıb ki, yeganə arzusu növbəti dəfə iftar süfrələrinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında təşkil edilməsidir. Qonaqlara Dağlıq Qarabağ münaqişəsinə dair məlumat xarakterli materiallar təqdim olunub.
Tədbirdə çıxış edən qonaqlar Türkiyə və Azərbaycanı əkiz qardaş dövlətlər adlandıraraq, bu cür iftar məclislərinin ölkələrin tanıdılması, gənclərin müxtəlif mədəniyyətlərlə tanışlığı və ən əsası, müqəddəs Ramazan ayınin hüzur və bərəkətinin birlikdə yaşanılması və yaşadılması baxımından vacib olduğunu qeyd ediblər.
Proqramın bədii hissəsində Azərbaycan haqqında film və AGAH-ın təqdimat video-çarxı nümayiş etdirilib. “ Xəzər” Azərbaycan xalq rəqsləri ictimai birliyinin rəqs qrupu, eləcə də AGAH-ın üzvləri Günel Mirzəməmmədli və Fidan Tahirzadə milli rəqslərimizi təqdim ediblər.