Moskvanın “Natsional” mehmanxanasında Azərbaycanın dövlət bayramı olan 28 May – Respublika Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun təşkilati dəstəyilə baş tutan tədbirdə Rusiyanın müxtəlif regionlarını təmsil edən dövlət rəsmiləri, Mockvanın tanınmış icimai-siyasi, elm, mədəniyyət, incəsənət, idman xadimləri, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər. Onların arasında siyasət, hüquq, mədəniyyət, hərb, idman və digər sahələrdə Rusiyada fərqlənmiş onlarla nüfuzlu söydaşımız olub.
Tədbirdə “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun müraciəti təqdim edilib. Müraciətdə Azərbaycan Demokratik Respublikasının (ADR) dövlətçilik tariximizdə xidmətlərindən, həmçinin müasir Azərbaycan Respublikasının erməni təcavüzünə məruz qalması və Rusiya azərbaycanlılarının bu təcavüzə qarşı mübarizəsinin əhəmiyyətindən də danışılıb. Müraciətin Rusiya-Azərbaycan münasibətlərinə həsr olunmuş hissəsində Azərbaycanın görkəmli dövlət xadimi və siyasətçisi Heydər Əliyevin müstəsna rolu xüsusilə qeyd olunub. Qonaqlara Azərbaycan xalqıın milli dövlət quruculuğu, onun tarixi nailiyyətləri və Qarabağ münaqişəsi haqda dolğun informasiya verilib.
Daha sonra ADR-in tarixi barədə video-çarx nümayiş etdirilib.
“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun rəhbəri Füzuli Məmmədov, Rusiyanın Dövlət Dumasının ekspertlər şurasının üzvü Valeriya Rayzman, Rusiya Xalqları Dostluğu Universitetinin dekanı professor Viktor Barabaş, Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan azərbaycanlı zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə mütəxəssis, politoloq İqbal Dürrə, “Rusiya HərbçiləriAilələri İttifaqı” ictimai təşkilatının rəhbəri Mariya Bolşakova və digər qonaqlar Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik ediblər.
Tədbirin bədii hissəsində Azərbaycanın və Rusiyanın müsiqiçiləri çıxış edərək, öz ifaları ilə qonaqlara unudulmaz anlar bəxş ediblər.