Azərbaycanın Respublika Günü ərəfəsində – mayın 27-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mənzil-qərargahının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, Rövşən Tağıyev, UAR-ın baş katibi Seyid Qədiməliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, Ukrayna Ali Radasının müxtəlif çağırışlardan olan xalq deputatları, ölkənin mərkəzi və regional siyasi elitasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Ukraynanın Mədəniyyət Nazirliyinin və Kiyev meriyasının vəzifəli şəxsləri, müsəlman dini icmasının nümayəndələri, milli-mədəni icmaların liderləri, tanınmış elm, mədəniyyət, incəsənət və idman xadimləri, Azərbaycan, Ukrayna və Türkiyə KİV-lərinin jurnalistləri iştirak ediblər.
Mənzil-gərargahın qırmızı lentini O.Krapivin, H.Cavadov, R.Tağıyev, S.Qədiməliyev, və R.Quliyev kəsiblər. Sonra Azərbaycan və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş ofisdə açılış mərasimi keçirilib. Mərasimdə Ukraynanın tanınmış müğənnisi və jurnalisti Nataliya Kudryaşova aparıcılıq edib.
Tədbir iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsiin sədri Fuad Muradovun salamlarını çatdıran R.Quliyev soydaşlarımızı UAR-ın yeni mənzil-qərargahı və 28 May – Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
O.Krapivin, H.Cavadov, R.Tağıyev, S.Qədiməliyev, Ukraynanın xalq deputatı Sergey Melnuçuk, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədovun xanımı Valentina Əsədova çıxış edərək, bu hadisənin tarixi əhəmiyyətini qeyd ediblər, tədbir iştirakçılarını Kiyev və Respublika Günləri münasbətilə təbrik ediblər.
Tədbir çərçivəsində UAR, Xarkov və Dneprin iri diaspor təşkilatları arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Sənədləri Seyid Qədiməliyev, Murad Ömərov və Hafiz Aslanov imzalayıblar.
UAR-ın mənzil-qərargahı ilə tanışlıqdan sonra qəbul mərasimi baş tutub.
Qeyd edək ki, UAR təkcə Ukraynada deyil, bütün postsovet məkanında, eləcə də Avropada ən iri azərbaycanlı icmasıdır. UAR-ın tərkibinə “Kiyev Azərbaycanlıları Konqresi” (sədri Oleq Krapivin), “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (rəhbəri Hikmət Cavadov) və “Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi” (rəhbəri Rövşən Tağıyev) təşkilatları daxildir.