İsveç-Azərbaycan Dərnəyi (SAF) 28 may ̶̶ Respublika Günü münasibətilə Stokholmda konsert təşkil edib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunub.
Azərbaycanın İsveçdəki səfirliyinin, Azərbaycan və türk diasporunun, KİV nümayəndələrinin qatıldıqları tədbir digər ölkələrin diaspor icmalarının və yerli ictimaiyyətin böyük marağına səbəb olub.
Tədbirdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İsveç, Türkiyə, Belarus, Fransa, Estoniya və Danimarkanı təmsil edən müxtəlif musiqi və rəqs qrupları da iştirak edib.
Konsert milli rəqslərimizin nümayişilə başlayıb. İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” uşaq rəqs qrupu “Naz eləmə”, “Şuşa”, “Uzun dərə” və “Nəlbəki” rəqslərini tamaşaçılara təqdim ediblər.
İsveçli və azərbaycanlı uşaqların “Azərbaycan”, “Sarı gəlin”, “Şən Azərbaycan” mahnılarını birgə ifa etmələri böyük maraqla qarşılanlıb.
Tədbir çərçivəsində İsveçdə yaşayan həmyerlimiz Minayə Əzizbəyovanın dekupaj üslubunda, dekorativ tətbiqi sənət ustası-rəssam Kəmalə Kərimova-Yansonun Azərbaycanın milli qadın geyimlərindən ibarət əl işlərinin sərgisi nümayiş olunub.