İspaniyanın Barselona şəhərində "Azərbaycanın Respublika Günü – 101 il!” tədbiri keçirilib.
Təntənəli mərasim Barselonadakı Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Tədbirdə Azərbaycan icmasının nümayəndələri və dostları, Türkiyənin Barselonadakı baş konsulu Güçlü Kalafat, Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin keçdiyi tarixi inkişaf yolunu əks etdirən video-material nümayiş etdirilib.
Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Barselonada yaşayan həmvətənlərimizlə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinin təntənəli şəkildə qeyd olunmasından fəxarət və qürur hissi duyur. O, söyləyib ki, Azərbaycandan uzaqda yaşayan soydaşlarımızın bu əlamətdar tarixi hadisəyə belə münasibəti onların Vətənə sıx bağlılığını, tədbirdə yerli icmadan olan dostlarının iştirakı isə azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiya olduqlarını, nümunəvi fərdlər və sakinlər kimi rəğbət qazandıqlarını göstərir.
Komitə sədri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün böyük tarixi hadisə olub. 1991-ci ildə Dövlət Müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan hazırda sabit inkişafa malik, müasir, dünyəvi, multikultural bir ölkədir. Amma sülhsevər, beynəlxalq hüquqa hörmətlə yanaşan, əməkdaşlığa açıq bir dövlət kimi tanınan Azərbaycan eyni zamanda Ermənistanın işğalçı və təcavüzkar siyasətinə məruz qalıb. Bunun nəticəsində Vətənimiz və xalqımız ağır itkilərlə üzləşib.
F.Muradov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın, onların əcnəbi dostlarının, eləcə də Vətənimizin təəssübkeşlərinin böyük əməyi olduğunu xüsusi vurğulayıb. O, diasporun birlik əzminin ümummilli maraqlara xidmət etdiyini, azərbaycançılıq ideyalarına sadiqliyin vacib olduğunu diqqətə çatdırıb.
Komitə sədri Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov də həmvətənlərimizi təbrik edərək, iki dövlət arasında yaxın və dost münasibətlərinin olduğunu, bu ölkədə onlarla azərbaycanlı tələbənin təhsil aldığını bildirib.
Türkiyənin Barselonadakı baş konsulu Güclü Kalafat “Bir millət, iki dövlət” deyimini xatırladaraq, xalqlarımız arasında qardaşlıq münasibətlərindən, bir-birlərinə hər dönəmdə dayaq olmalarından danışıb.
Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov deyib ki, burada yaşayan soydaşlarımız Azərbaycanın bütün nailiyyətləri ilə fəxr edirlər. Vətən üçün vacib günlərdə isə soydaşlarımız bir araya gələrək, haqq sözünün İspan cəmiyyətinə çatdırılmasına çalışırlar. O, buna nümunə kimi mayın sonlarında Futbol üzrə Avropa Liqasının final matçının Bakıda keçirilməsini təbliğ etmək məqsədilə video-çarx hazırladıqlarını bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.